Uzun fasilədən sonra çempionluq həsrətinə son qoyan "Neftçi" dramatik qələbəsi artıq müzakirə mövzusu deyil. "Ağ-qaralar"ın ab-havasını unutduğu Çempionlar Liqasında ilk sınağını kimə qarşı keçirəcəyiylə bağlı yaranan narahatlıq da geridə qalıb. Ən nikbin azarkeşin arzuladığı rəqib - Tiflis "Dinamo"su bakılıların yolunda əngəl olmağa çalışacaq. Uzun müddət Azərbaycanda çalışmış Kaxaber Tsxadadzenin çalışdırdığı "Dinamo" ilə ilk oyunun səfərdə keçirilməsi də bütün hallarda, üstünlükdü.
Hə, təmsilçimizin çalışdırıcısı Samir Abasovun bir vaxtlar "İnter"də rəhbərliyi altında top qovduğu gürcüyə necə məşqçi olduğunu isbatlamaq planı matçı daha maraqlı edəcək. Ancaq klub futbolunda Azərbaycandan geri qaldığı şübhə doğurmayan qonşu ölkənin flaqmanı ilə görüş Abasovsuz və Tsxadadzesiz də prinsipiallığını itirməzdi. Bu elə bir dueldi ki, indiki rəhbərliklə ilk dəfə ÇL-də top qovmaq fürsəti yaxalayan "ağ-qaralar" üçün mümkün uğursuzluq rəzalət sayılar. Yəni "kor püşk"dən gileylənməyə haqqı çatmayan "Neftçi" ilk addımı inamla atmalı, cütün favoriti adını doğrultmalıdı.
Əlbəttə, rəqibə hörmətlə yanaşmaq, ciddiyə almaq mütləqdi. Ancaq bu "Neftçi"nin bu "Dinamo"nu mübarizədən kənarlaşdıra bilməməsi çox dərin problemlərə yol açar. Bəlli həqiqətdi ki, hazırda Gürcüstanda heç bir klubun Azərbaycan Premyer Liqasının son qalibininki qədər pulu yoxdu. Təbii, meydanda dollarlar yox, futbolçular mübarizə aprır. Lakin yaxşı büdcə ilə samballı heyət formalaşdırmaq imkanı da önə çəkilməli məqamdı. Bu gün Tiflis təmsilçisinin heyətində top qovanların əksəriyyəti güclü çempionatlarda çıxış etmək şansı olmayan gürcülər və "Neftçi"nin legioner statusu ilə maaş verməyəcəyi azsaylı legionerlərdi. Deməli, Bakı komandası yalnız bu matça düzgün hazırlaşmayacağı təqdirdə, yerli futbolsevərləri məyus edə bilər.
Tsxadadzenin Azərbayvan futboluna bələd olduğunu isə əldə bayraq etməyə ümumiyyətlə, dəyməz. 2008-ci ildə tarixin yaddaşına qovuşmuş "Standard"ı, 2009-2014 aralığında "İnter"i çalışdırmış mütəxəssis Azərbaycanla vidalaşandan bəri çox şey dəyişib. İndiki "Neftçi" Tsxadadzenin ölkə birinciliyində qarşılaşdığı komandaya bənzəmir. Kaxaber Cumberoviç Abasovun hansı futbol fəlsəfəsinə güvəndiyini, ona qarşı nə edəcəyi barədə müəyyən mənada, videogörüntülərdən informasiya toplaya bilər ki, bu da özlüyündə heç vaxt səhih olmur. Əksinə, Gürcüstan çempionatı davam etdiyindən son turda öz meydanında 67-ci dəqiqədən azlıqda oynayan "Samqurali"yə uduzmuş (1:2) "Dinamo"nun optimal heyətini, əsl gücünü müəyyənləşdirmək Samir bəy üçün problemə çevrilməməlidi...
Bəli, Gürcüstan klubları və ayrıca çempionumuzla qarşılaşacaq Tiflis təmsilçisiylə əvvəlki avrokubok matçları üzərində dayana, araşdırmalar apara bilərik. Fəqət 2019-cu ilin yayında içindən laxlamış "Qəbələ"nin bu komandadan Avropa Liqasının 2-ci təsnifat mərhələsində aldığı iki yenilgini (evdə 0:2, səfərdə 0:3) bir kənara qoymağa borcluyuq. Həmin vaxt maddi sıxıntılar üzündən sarsılmış Qəbələ təmsilçisinin indikindən güclü "Dinamo"ya uduzması tam məntiqəuyğun idi. 2015/2016 mövsümündə "qırmızı-qaralar" tiflislilərin öhdəsindən gəlməsəydi (1:2, 2:0), başqa məsələ...
İstər "Dinamo" olsun, istər "Neftçi"nin 2012/13 mövsümündə ÇL-in ikinci təsmifat mərhələsində yerini göstərdiyi ( evdə 3:0, səfərdə 2:2) "mərhum" "Zestafoni", istərsə də başqa Gürcüstan komandası, fərq etmir, bu ölkənin bütün təmsilçiləri "ev komandası" sayılır. Deməli, bakılılar iyulun 7-də "Boris Payçadze"də keçiriləcək ilk qarşılaşmaya xüsusi önəm verməli, işi öz meydanında bitirmək üçün bacardığını meydanda qoyacağı şübhə doğurmayan rəqibin istədiyini etməsinə imkan verməməlidi. Zatən başqa variant yoxdu. Bu, flaqmanın azarkeşləri önündə mənəvi borcudu! Uğurlar, "Neftçi"!
Nihat