"Azərbaycana məğlub olmaq üçün yollanmırıq”.
Fanat.Az xəbər verir ki, bunu "Olimpiakos”un futbolçusu Matye Valbuena Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi” ilə keçiriləcək cavab görüşü öncəsi təşkil edilən mətbuat konfransında deyib.
"Zoom” proqramı vasitəsilə təşkil olunan və "Olimpiakos TV” tərəfindən canlı yayınlanan tədbirə qatılan yarımmüdafiəçi ona ünvanlanan sualları cavablandırıb. 37 yaşlı fransalı futbolçu fikrini bu sözlərlə davam etdirib: "Asan oyun olmayacaq. Əlimizdən gələni edəcəyik və yenə qələbə qazanmağa çalışacağıq. Bəzi oyunçularımız iştirak etmədiyi üçün Yunanıstanda çətinliklərlə üzləşdik. Bunu da gözləyirdik. Ancaq yenə də addım-addım irəliləmək və Çempionlar Liqasında məqsədimizə çatmaq istəyirik. Əlimizdən gələni edəcəyik. Bütün komanda şəklində oyuna yaxşı hazırlaşmışıq və qələbə qazanmağa köklənəcəyik”.
Valbuena "Neftçi”dən sürpriz gözləyirsiz” sualına belə cavab verib: Düzdür, ilk oyunda bəzi problemlərimiz oldu. Azərbaycana məğlub olmaq üçün yollanmırıq . Sürprizlə üzləşəcəyimizi bir saniyə də olsun, ağlımızdan keçirmirik. Oyun çətin olacaq. Ancaq biz öz proqramımız üzrə hərəkət edirik”.
"Olimpiakos” bu dəqiqələrdə (Bakı vaxtı ilə saat 14.30-da) Bakıya yola düşüb. Yunanlar Bakıda məşq etməyəcək.
Qeyd edək ki, sabah "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Olimpiakos” oyunu saat 21:00-da başlayacaq. Yunanıstandakı ilk qarşılaşmada ev sahibləri 1:0 hesablı qələbə qazanıb.
Mirağa