
Azərbaycan futbolunda ayyarımlıq sükut bu gün pozulacaq.
Qış fasiləsi ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə başa çatacaq. Təlim-məşq toplanışlarını başa vuran klublar hazırlıqdan razı qalıblarmı? Baş məşqçilər istədikləri transferləri reallaşdıra bilibmi? Ümumiyyətlə, komandalar mövsümün ikinci yarısına neçə faiz hazırdır?
Fanat.Az Premyer Liqa klublarının baş məşqçiləri ilə sorğunu çempionluq mübarizəsinin favoritlərinin - "Qarabağ" və "Neftçi"nin çalışdırıcılarının fikirləri ilə yekunlaşdırır.
Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): "Hazırlıqdan razı qaldım. Ən önəmlisi odur ki, demək olar ki, toplanışı zədəsiz başa vurduq. Transferlərdən razıyam. Hər üç futbolçunun böyük perspektivi var. Sadəcə, planlaşdırdığımız bir transfer qalır. Onunla da danışıqlar davam edir. "Transfer pəncərəsi"nin son gününə qədər çalışacağıq. Alınsa transfer edəcəyik, əks halda, əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Komanda 80 faiz hazırıdır".

Samir Abasov ("Neftçi"nin baş məşqçisi): "Toplanışdan razı qaldım. Şükürlər olsun, hər şey yaxşı keçdi, başımız ağrımadı. Zədələr və koronavirusun tüğyan etdiyi dönəmdə xəstələnən futbolçumuzun olmamasını nəzərdə tuturam. Mənfi hal odur ki, yeni transferlərimiz və bəzi digər oyunçularımız toplanışa vaxtında gəlib çıxmadılar. Bununla belə, bir yerdə olduğumuz müddət, istər Bakıda, istərsə də Türkiyədəki hazırlıqlarımız normal alındı. Yoldaşlıq görüşləri də plan üzrə baş tutdu. Yəni tarix və ya rəqib dəyişmədik.

Mövsümün ikinci yarısına neçə faiz hazır olduğumuzu deyə bilməyəcəyəm. Çünki ayrı-ayrı futbolçuların fiziki durumu, hazırlığı, səviyyəsi eyni olmadığı üçün ümumiləşdirməkdə, faizlə ifadə etməkdə çətinlik çəkirəm. Onu deyə bilərəm ki, bəzi əskiklərimiz var.
Mövsümün ilk yarısında yerli oyunçularla bağlı sıxıntımız var idi, əziyyət çəkirdik. Azər Salahlı, Eddi İsrafilov və Azər Əliyevin keçidini həll etməklə böyük iş gördük. Qış transfer dövründə bu cür futbolçuları əldə etmək göydəndüşmə oldu. Transfer fəaliyyəti məni həddindən artıq razı saldı. Aldığımız legionerlərin də inşallah, komandaya faydalı olacağına inanıram. Hər halda, xeyir verəcək səviyyədə transferlərdir".
Mirağa