
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis hər komandaya qarşı fərqli hazırlaşmaq lazım olduğunu bildirib:
"Çətin olacağını bilirdik. "Neftçi" yaxşı komandadır. Futbolçular tapşırıqları yerinə yetirməyə çalışırdı. İkinci hissədə konsentrasiyanı itirdiyimiz üçün rəqib qollar vurdu. Komandanın çıxışından razıyam.
46-cı dəqiqədə qol buraxırıqsa, bu, konsentrasiya ilə bağlıdır. Sonradan toparlanmağa çalışdıq, amma ikinci qolu buraxdıq. İddialı klublara uduzmuşuq. Təki, komandam həmişə belə oynasın. Nəticə olmasa, mən burada ömürlük qalası deyiləm".
O, futbolçuların fiziki baxımdan çatdırmadığı ilə bağlı fikirlərlə razılaşmayıb: "Funksional hazırlıq qaydasındadır. Fiziki baxımdan necə axsayırıq ki, 85-ci dəqiqədən sonra 3 real qol epizodu yaratdıq".