
Misli Premyer Liqanın IX turunda keçirilən "Neftçi" - "Turan Tovuz" matçı 0:0 hesabı ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra baş tutan mətbuat konfransında görüşü dəyərləndirib:
"Səfərdə bu komanda ilə oynamaq çətin idi. Amma bu cür oyunlar bizim üçün vacibdir. Futbolçular əzmkarlıqları ilə xal qazandılar. Mübarizəli oyun oldu. Əks hücumlarda yaxşı epizodlara girdik. Bir az soyuqqanlı olsaydıq, qol vura bilərdik. Bizim üçün hər xal önəmlidir. Çempionat daha da gərginləşir. İkinci dövrə daha çətin olacaq".
41 yaşlı mütəxəssis meydana ciddi itkilərlə çıxdıqlarını bildirib: "Runi Eva iki tur zədəli oynadı. Ona istirahət verdik. Rotasiyalar normaldır. Bu ay 5 oyun keçirəcəyik. Bu gün bəzi yeni futbolçulara şans yaratdıq. Uğurlu çıxış etdilər".
O, ikinci hissədə zədələnən Ehtiram Şahverdiyevin durumuna da toxunub: "Başından zərbə aldı. Meydanda qalması riskli idi. İndi durumu ilə maraqlandım. MRT müayinəsindən sonra daha dəqiq bilinəcək. Ümid edirəm ki, ciddi deyil".