
Boks üzrə keçmiş Azərbaycan çempionu, beynəlxalq dərəcəli Avropa və dünya hakimi Qismət Novruzov “Əməkdar bədən tərbiyəsi və idman xadimi” statusunu ala bilməsi ilə bağlı çətinlik yaşadığını bildirib.
Qismət Novruzov məsələ ilə bağlı Fanat.az-a açıqlamasında deyib ki, problemin Azərbaycan Boks Federasiyasının mövqeyi ilə bağlı olduğunu düşünür:
“Hazırda zallarda məşqçilik edirəm. Mənim narazılığım isə idman federasiyasındandır. İdman naziri imkan verir, onlar yox. Deyilir ki, səndən əvvəl başqaları var və mənə 50-55 yaşlı adamların adlarını çəkirlər.
Nazirin özünə məktub yazdım və mənə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” statusunun düşdüyünü dedilər. Kağızı apardım və yenə “səndən əvvəl başqaları var” cavabı verildi. Xüsusilə baş katib Nağı Səfərov deyir ki, səndən əvvəl başqaları var.
Prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya məktub yazmaq istəyirəm. Onlar həmişə mənə kömək ediblər. Şərait də yaratdılar, işlə təmin etdilər, lakin xəstələndim və gedə bilmədim.
Əvvəl 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin direktoru idim. Sonradan birləşmələr oldu, məni Şahmat məktəbinə direktor vəzifəsinə qoymaq istəyirdilər, sonra onu da etmədilər. 20 gün gözlədik, 21-ci gün Bakıdan birini gətirib məktəb direktoru qoydular, sonra onu da qovdular”.
Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının mətbuat katibi Tahir Hümbətovla əlaqə saxladıq. O, Qismət Novruzov tərəfindən federasiyaya belə bir müraciətin daxil olmadığını bildirib.
Daha sonra federasiyadan məsələ ilə bağlı əlavə açıqlama verilib:
“Adıçəkilən şəxs hazırda Azərbaycan Boks Federasiyasının bazasında nə hakim, nə də məşqçi kimi qeydiyyatda deyil.
İdman xadimi məsələsinə gəldikdə, bununla bağlı təqdimatı işlədiyi yer verməlidir. Biz ictimai qurum olduğumuz üçün bu işdə ancaq rəy verə bilərik. Gənclər və İdman Nazirliyindən də Qismət Novruzova “Əməkdar xadim” adının verilməsi ilə bağlı federasiyanın rəy verməsi üçün heç bir müraciət daxil olmayıb.
Qeyd olunan məktəblərə direktor vəzifəsinə təyinatın da federasiyaya aidiyyəti yoxdur”.
Qismət Novruzov 1996-2016-cı illərdə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. O, boks üzrə Azərbaycan çempionudur.
Qismət Novruzov eyni zamanda boks üzrə SSRİ idman ustası, beynəlxalq dərəcəli Avropa və dünya hakimi, Azərbaycan Respublikasının əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi olub.
O, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, “TAC” Boks Klubunun prezidenti vəzifələrini icra edib və müxtəlif medallar qazanıb.