"Yaxın zaman üçün əsas məqsədimiz Zəfər Günü öncəsi Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində yaxşı nəticə qazanmaqdır".
Bunu Fanat.Az-a cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Mövlud Mirəliyev deyib.
Millinin çalışdırıcısı sentyabrın 24-dən 26-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Paris-2024 Olimpiya dövrünün ilk Qran Pri yarışına iki cüdoçumuzun qatılacağını bildirib: "İndi cüdoçuları çox yükləmək istəmirik. Qərara gəldik ki, ilk yarışa məhdud heyət aparılsın. Zaqrebdə Hidayət Heydərovla Məmmədəli Mehdiyev mübarizə aparacaq. Ondan sonrakı Paris "Böyük Dəbilqə"sində daha geniş tərkiblə çıxış etmək fikrimiz var. Təxminən 6-7 cüdoçumuz Fransaya yollanacaq. Onlar əsasən gənclər olacaq. Titullu idmançılarımız isə Zəfər Günü öncəsi Bakı "Böyük Dəbilqə"sində çıxış edəcək. Yaxın zaman üçün əsas məqsədimiz bu yarışda yaxşı nəticə qazanmaqdır".
Qeyd edək ki, Paris "Böyük Dəbilqə"si 16-17 oktyabrda, Bakıdakı analoji turnir isə 5-7 noyabrda keçiriləcək.
Sahib Əsədbəyli