
Cüdo üzrə Azərbaycan millisinin üzvü Rüstəm Orucov Fanat.Az-a müsahibə verib.
Fransanın paytaxtı Parisdə keçirilən Avropa Çempionlar Liqasında Serbiyanın "Srvena Zvezda" klubunun heyətində gümüş medal qazanan titullu idmançı yarış haqda təəssüratlarını bölüşüb.
- Çıxışın və ümumilikdə turnir barədə ətraflı məlumat verərsən.
- Kişilərdə 7 klub yarışırdı. Say az olsa da, turnirin adından göründüyü kimi, hamısı güclü komandalar idi. Çoxunun heyətində Olimpiya, dünya, Avropa çempionları çıxış edirdi. Komanda üç görüş keçirdi. Əvvəlcə fransalı cüdoçunu uddum. Ardınca Gürcüstan klubu ilə görüşdük. Mən gürcüstanlı Olimpiya, dünya və Avropa çempionu Laşa Şavdatuaşvili ilə qarşılaşırdım. Sözün açığı, milli səviyyəsində yarış deyildi deyə, elə ciddi yanaşmırdım. Amma demişdim ki, Laşa ilə düşsəm, nəyin bahasına olur-olsun onu udmalıyam. Dəfələrlə qarşılaşmışıq, o, çox titullu idmançı olsa da, döyüşlərin əksəriyyətində mən udmuşam. Amma bundan əvvəlki yarışda - son Avropa çempionatında uduzmuşdum. Sonra o, dünya çempionu, Olimpiya finalçısı oldu. Mən isə Olimpiadada medalsız qaldım. Bu mənə bir az yer elədi. Bu səbəblərdən görüş mənim üçün bir qədər prinsipial xarakter daşıyırdı. Laşa "vaza-ari" xalı aldıqdan sonra döyüşdən yayınmağa başladı. Belədə üç "şido" verdirib qələbə qazandım.
- 2016-cı ildə Kazanda keçirilən Avropa çempionatının finalındakı ssenari təkrarlanıb.
- Hə. Amma bu dəfə daha bərk qaçırdı (gülür).
Finalda Rusiya klubundan yerli idmançı Maxmadbek Maxmadbekova "qızıl xal"da uduzdum. Həmin idmançı Bakıdakı son "Böyük Dəbilqə"nin qalibi olmuşdu. Ancaq deyim ki, yaxşı formada olsam, görüşü rahatlıqla uda bilərdim.
- Olimpiadadakı uğursuzluqdan sonra ilk nəticəndir. Bir növ geridönüş kimi qələmə vermək olar, yoxsa buna hələ var?
- Mənə çox böyük motivasiya oldu. Olimpiadadan sonrakı dörd aydan çox müddətdə demək olar ki, məşq eləməmişəm. Bu hazırlıqla belə güləşə bilirəmsə, deməli, qarşıdakı tsikldə mübarizə aparmaq gücüm var. Ancaq bunu da deməliyəm ki, Laşa istisna olmaqla, Olimpiadada yer tutan idmançıların əksəriyyəti bu yarışa formada gəlməmişdi.
- Azərbaycan cüdoya böyük diqqət ayrılan ölkələr arasındadır. Ancaq maraqlıdır ki, bu tip yarışlarda öz klubumuzu görmürük. Necə bilirsən, nəhayət, olmalıdırmı?
- Təbii ki, istərdim, bizim də klubumuz iştirak eləsin. Yunanıstanın, Serbiyanın, Gürcüstanın varsa, niyə bizim komandamız da olmasın. Düzdür, bir qədər maliyyə tələb edir. Amma gürcülərdəki kimi, biz də elə öz yığma üzvlərimizlə təmsil oluna bilərik.
- Yanvardan reytinq turnirləri başlayır. Səni ilk hansı yarışda görə biləcəyik?
- Açığı, indi daha çox əvvəlki formaya qayıtmaq haqqında düşünürəm. Formada olmaya-olmaya reytinq turnirlərinə getməyin bir adı yoxdur. Çiynim də zədəlidir. Yəqin ki, fevraldakı Paris "Böyük Dəbilqə"sinə kimi qaydaya düşər.
Sahib Əsədbəyli