Azərbaycanın kişilərdən ibarət cüdo millisinin 5-6 fevralda Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın məşqçilər korpusu yarışa 8 cüdoçu sifariş edib.
Bunlar Kəramət Hüseynov, Əhməd Yusifov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauridir (+100 kq).
Qeyd edək ki, bu günədək 51 ölkədən ümumilikdə 349 cüdoçunun yarışda iştirakı təsdiqlənib.