
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Almaniya millisinə son dəqiqələrdə buraxdıqları qol üzündən 1:2 hesabı ilə uduzan Fil Dişi Sahili yığmasının baş məşqçisi Emers Fae fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, rəhbərlik etdiyi komandanın futbolçusu yerdə qalarkən oyunu saxlamayan rəqibin ünvanına tənqidi fikir səsləndirməyi də unutmayıb:
"Bu, yüksək səviyyəli matç idi. Hesabı açdıq və ikinci hissəyə güclü başladıq. Amma ikinci qolu vura bilmədik. Çox yaxşı oynasaq da, detallar həlledici oldu. Bu yöndə bir qədər təcrübəmiz çatmır. Güclü rəqiblərlə üz-üzə gəlirsənsə, qol buraxmaqdan sığortalanmamısan.
Almaniyanı təbrik edirəm, amma belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul