13:24 23.06.2026 777

Qrasias, Messi

Messidən yazmaq çətindir.

Çətinliyi ondadır ki, Lionel Messi haqqında nə deyəsən, nə yazasan ki, oxuyan adam təəccüblənsin? Hansı faktı yazasan ki, kimsə “bunu bilmirdim” desin? Hansı rekordu xatırladasan ki, sosial şəbəkələrdə, idman saytlarında, statistik platformalarda artıq yüz dəfə qarşına çıxmasın?

Messi bizim gözümüzün qabağında böyüyən futbolçudur. Uşaqlığından veteranlığına qədər dünyanın gözü onun üstündə oldu. Uzun saçlı, utancaq, topu ayağına yapışdıran o arıq oğlanın “Barselona”nın əsas komandasına çıxmasından tutmuş, Argentinanı dünya çempionu kimi zirvəyə daşımasına qədər hər anı kameraların, yazıların, müzakirələrin içində keçdi.

Yəni Messi barədə gizli qalan çox az şey var.

Dünən "Baku TV"-nin efirində həmkarım Kənan Məstəliyev “sümüyə düşən” bir fikir dedi. Təxminən belə: əvvəllər futbolla bağlı xəbəri azarkeş idman jurnalistindən alırdı, indi isə hər şey o qədər əlçatandır ki, bəzən biz özümüz xəbəri azarkeşdən eşidirik.

Çox dəqiq müşahidədir.

İndi bir futbolçu qol vurur, saniyələr içində videosu yayılır. Yeni rekord qırılır, beş dəqiqəyə bütün dünya onun neçə yaşında, neçə oyunda, neçə qol vurduğunu bilir. Sən hansısa rəqəmi xəbər etmək istəyirsən, görürsən ki, artıq həmin rəqəm xəbər olmaqdan çıxıb, boyatlaşıb.

Messi haqqında da belədir.

Onun statistikası hamının əlindədir. Qazandığı kuboklar, vurduğu qollar, verdiyi ötürmələr, qırdığı rekordlar — hamısı yazılıb, çəkilib, paylaşılıb, əzbərlənib. Ona görə də Messi barədə quru fakt yazmaq, məncə, bir az Messiyə haqsızlıqdır. Çünki Messi heç vaxt sadəcə rəqəm olmayıb.

Messi bir hissdir.

Bəlkə də elə buna görə ondan yazanda xəbər dili çatmır. Başlıq, statistika, fakt, nəticə — bunların hamısı bir yerdən sonra kasad qalır. Messi haqqında yazı yazmaq istəyirsənsə, bir az romantik olmalısan. Futbolun bəzən insanın uşaqlığına, xatirələrinə, içindəki saf azarkeşliyə toxunduğunu qəbul etməlisən.

Bunu yazmaq isə etiraf edim, mənim üçün də asan deyil.

Çünki romantik yazanda süni görünmək təhlükəsi var. Çox tərifləsən, pafosa qaçırsan. Az yazsan, Messinin böyüklüyünü ifadə etməyə söz çatmır. Qızıl ortanı tapmaq çətindir. Xüsusən də söhbət dünyanın ən möhtəşəm solaxayından gedirsə...

2026-cı il dünya çempionatı davam edir. Qarşıda Messinin oyunları var. Argentina hələ meydandadır. Messi hələ topa toxunur, hələ azarkeşlər onun ayağında nəsə baş verəcəyini gözləyir.

Amma mən Messi ilə indidən vidalaşıram.

Bəlkə də bu, tələskənlikdir. Bəlkə də qarşıda hələ bizi sevindirəcək, təəccübləndirəcək, “bunu da etdi” dedirdəcək. Amma bəzi vidalar son fitlə başlamır. Adam sevdiyi bir şeyin yavaş-yavaş uzaqlaşdığını hiss edəndə ayrılıq da elə həmin andan başlayır.

Üstəlik, sabah Messinin doğum günüdür. 39 yaşı tamam olur.

Bu da yazıya ayrıca bir ovqat qatır. Messi 39 yaşını evində, sakit bir tətil günündə yox, dünya çempionatının səs-küyü içində qarşılayır. Hələ meydandadır, hələ Argentinanın oyunları var, hələ top onun ayağına gələndə milyonlarla adam nəfəsini saxlayır.

Amma indi onun hər oyunu adi oyun kimi görünmür. Hər toxunuşun, hər ötürmənin, hər baxışın içində “birdən bu sonlardan biri olar” qorxusu var. Bəlkə də bu yazının səbəbi də elə budur: Messi hələ getməyib, amma onunla vidalaşmağın ağırlığı artıq başlayıb.

Dünən həmkarım Elçin Cəlilov feysbukda haqlı olaraq Messinin ilahiləşdirilməsinin, bütləşdirilməsinin əleyhinə maraqlı paylaşım etmişdi. Paylaşımında bu fikri olduğu kimi yazmışdı:

“Allah var!

…hamı Pelesi, Maradonası ilə möcüzənin futbol oynadığına inanar, Messi isə hamının möcüzəsi olar. Və hamı bir möcüzəyə biət edəndə, Allah başqasını yaradar. Hər şey Allahı sevməyimiz üçündür”

Doğru fikirdir.

Həm də hisslərə toxunan fikirdir.

İnsanı düşündürür. Doğrudan da, futbolçunu bütə çevirmək doğru deyil. Heç bir insanı ilahiləşdirmək olmaz. Messi də insandır. Uduzur, yorulur, əsəbiləşir, səhv edir, penalti qaçırır, qocalır. Sabah 39 yaşı olacaq və zaman onun üçün də dayanmayıb.

Amma futbolun dili bəzən bir az başqa olur. Burada “Tanrı” deyəndə məqsəd kimisə müqəddəsləşdirmək yox, insanın gördüyü gözəlliyə söz tapmamasıdır. Çünki bəzən meydanda elə an olur ki, onu taktika ilə də izah etmək olmur, statistika ilə də. Baxırsan və sadəcə susursan.

Top Messidə olanda insan inanır ki, futbolda hələ də gözlənilməz gözəlliklər mümkündür.

Maradona ilə Messi müqayisəsi də elə buradan başlayır. Maradona futbolun üsyanı idi. Küçənin, kasıblığın, inadın, çılğınlığın meydandakı forması idi. Maradonanı insanlar əfsanəyə çevirdi. Onun ətrafında mübahisələr, sevgilər, nifrətlər böyüdü.

Messi isə başqa cürdür.

Sanki Tanrı futbolu başa salmaq, izah etmək üçün kitabı, qələmi yox, Messinin sol ayağını seçib.

Bəli, bir az sərt səslənə bilər, amma futbol dili ilə desəm, Maradonanı insanlar, Messini Tanrı yaradıb. Bundan daha yaxşısını yaratmaq özünüinkar olar.

Bu fikirlərdə ibadət yox, heyrət var.

İllərdir onu izləyirik. Bəzən “Barselona”nın forması, bəzən Argentinanın müqəddəs hesab edilən ağ-mavi rəngləri ilə. Uduzanda da, qalib gələndə də. Göz yaşlarını da gördük, Dünya Kubokunu başı üzərinə qaldırdığı o tarixi anı da.

2022-ci ildə Qətərdə çatmalı olduğu zirvəyə çatdı. Dünya Kubokunu qazandı və sanki taleyin ona olan borcu bağlandı. Buna görə də bu mundialda Messinin vuracağı hər qol, edəcəyi hər ötürmə, meydanda keçirəcəyi hər dəqiqə artıq nəticədən daha çox məna daşıyır.

Çünki bu dəfə insanlar kubokdan çox, anları yadda saxlamaq istəyirlər.

Son dəfə onun sərbəst zərbə qarşısında dayanmasını...

Son dəfə kapitan sarğısı ilə meydana çıxmasını...

Son dəfə topu ayağına götürüb hamını bir anlıq susdurmasını...

Son dəfə tribunaların “Messi! Messi!” səsləri ilə titrəməsini...

Son dəfə...

Son dəfə...

Bu sözləri yazmaq da qəribədir. Çünki Messi hələ meydandadır. Hələ oynayır. Hələ Argentinanın oyunları var. Amma bəzən insan vidanı son gündə yox, son günün yaxınlaşdığını hiss etdiyi anda yaşayır.

Maradona getdi, Zidan getdi, Ronaldinyo getdi. Hər gedişdən sonra futbol davam etdi. Sabah da davam edəcək. Top yenə mərkəzə qoyulacaq, hakim yenə fit çalacaq, stadionlar yenə dolacaq.

Amma nəsə əvvəlki kimi olmayacaq.

İndi isə amansız futbol bizi başqa bir ayrılığa hazırlayır.

Bu dünya çempionatında "tanqoçular" üçün hakimin son fiti səslənəndə bəlkə də stadionu ilk tərk edən Messi olacaq. Amma onun yaratdığı xatirələr tribunalarda hamıdan sonraya qalacaq.

Bəlkə də bu yay son fit səslənəndə dünya futbolunda bir dövr bağlanacaq.

O gün gələndə isə yəqin ki, milyonlarla azarkeşin dilində eyni söz olacaq:

Qrasias, Messi...

Mersi, Messi...

Nə yaxşı bu dünyaya gəldin, Messi...

Əlvida, Messi...

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
23:58

"Qalatasaray" İspaniya klubuna da məğlub oldu

23:37

Leandro Paredes A Seriyasına qayıdır?

22:51

"Nyukasl" qərarını verdi

22:13

Ferran Torres PSJ-ni seçdi

21:45

"Dostluq" FK – "Sumqayıt" FK matçından - FOTOLAR

21:33

"Arsenal"dan 73 milyonluq həmlə

20:52

Gəncədə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirildi

20:26

Nik Perkins "Sabah"da -RƏSMİ

19:31

"Fənərbağça" Lukaku ilə anlaşmağa çox yaxındır

18:39

"Neftçi" - "Sabah" (U-14) matçından - FOTOLAR

18:08

"Dinamo Kiyev"in sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər

17:49

"Arsenal" Bruno Gimarayeşi rənglərinə bağladı

17:10

"Qalatasaray" portuqaliyalı müdafiəçini ala bilər

16:37

"Fənərbağça" "Real"ın hücumçusu ilə anlaşmağa yaxındır

16:08

Koxalski "Qarabağ"dan ayrılmağa və bu kluba keçməyə yaxındır

15:40

"İmişli" Quba Olimpiya İdman Kompleksi ilə vidalaşdı

15:03

Messinin atası vəfat etdi

14:55

"Beşiktaş"ın müdafiəçisinə Almaniya və İspaniyadan təkliflər var

14:22

Azərbaycan yığması Estoniyanı yendi

13:46

"Vilyarreal"ın nümayəndələri "Sabahın Ulduzları"nda

13:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:48

Tibo Kurtua başladı

12:17

Zidanın oğlu "Qranada"nı digər İspaniya klubuna dəyişdi

11:49

"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

11:23

Kulibali üzləşdiyi oğurluq hadisəsinin fotosunu paylaşdı

10:52

Yaponiya millisinin üzvü İngiltərə klubuna keçdi

10:26

"Barselona" müdafiəçisini İngiltərə nəhənginə icarəyə verir

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

Facebookdan bizi izləməyi unutmayın.
X