
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Avstraliya yığması ilə qolsuz heç-heçə edən və adını 1/6 finala yazdıran Paraqvay seçməsinin baş məşqçisi Qustavo Alfaro fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Heç-heçə hədəflədiyimiz nəticə deyildi, amma realist olmalıyıq. Rəqib çox güclüdür. Yaxşı fiziki hazırlıqları var, futbolçuları ucaboydur, eləcə də boşluqlardan necə istifadə edəcəklərini bilirlər. Avstraliya yığması cinahlardan da hücum etməyi bacarır və keyfiyyətli futbolçulara malik komandadır. Qələbə qazanmaq, tarixə düşmək, dünya çempionatında ardıcıl iki oyunda qalib gələrək ilkə imza atmaq istəyirdik. Rəqibi öz qapısına doğru sıxışdırmaq bizim üçün çətin oldu. Avstraliya seçmısində fiziki güc, intizam və sürət bir aradadır. Belə sistemləri qırmaq üçün çox intizamlı, dəqiq və sürətli olmaq lazımdır".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul