Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının və əvəzedici heyətlərin çempionatının XXVII turunda yol verilən qayda pozuntularına hüquqi qiymət verib:
* AZAL - “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
* “İnter” - “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
* “Sumqayıt” - “Xəzər Lənkəran” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Mikayıl Rəhimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:
- Oyunun 70-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Mikayıl Rəhimova sonuncu ümid foluna görə göstərilmiş qırmızı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.
- Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
Qeyd edək ki, oyunu Elvin Əsgərov idarə edib.
- Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Qarabağ” - “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
- Oyunun 40-cı dəqiqəsində “Rəvan” klubunun futbolçusu Sahil Cəfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol