
Mayın 20-də Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulacaq. Fanat.az xəbər verir ki, mövsümün bombardirinin adına da həmin gün aydınlıq gələcək.
Hazırda bobardirlər yarışına "Zirə"dən Nelson Bonilla və "Qarabağ"dan Dani Kintana başçılıq edir. Hər iki futbolçunun aktivində 14 qol var. Bonilla Kintananı oyun sayına görə qabaqlayıb. Belə ki, salvadorlu hücumçu 14 qolu 29, ispan yarımmüdafiəçi 31 oyunda vurub. Bu səbəbdən yarışın hazırkı lideri Bonilladı.
"Zirə"nin forvardından fərqli olaraq "Qarabağ"ın üzvü top sayını artırmaq imkanına sahibdi. Çünki Bonilla sarı vərəqə limitni dolduraraq mövsümü erkən bitirib. Dani isə AZAL-la oyunda oynamaq və qol vurmaq imkanına sahibdi.
Bombardirlər yarışının 3-cü pilləsində 13 qolla "Neftçi"dən Ruslan Qurbanov qərarlaşıb. Qurbanov bir qol vursa Bonilla və Daniyə çatacaq. Amma o, buna 31 oyunda nail olacaq və bombardir ola bilməyəcək. Liderlik üçün Ruslana "Sumqayıt"ın qapısından 2 top keçirmək və Daninin qol vurmamasına dua etmək lazımdı.
4-cü pillədə qərarlaşan Amil Yunanovun şansı az olsa da, mümkünsüz deyil. 11 qol vuran millinin yeni üzvü "Neftçi" matçında het-trik edərək liderlərə çata bilər. Bu halda isə o, bombardir olacaq. Çünki Amil 14 qolu 24 oyunda nail olacaq. Bunun üçün o, het-trik etməli, Daninin fərqlənməməsinə, Ruslanın isə birdən artıq qol vurmamasına dua etməlidi.
Fanat.az