“Sumqayıt” növbəti transferini rəsmiləşdirməyə çox yaxındı. Azerisport.az xəbər verir ki, “gənclik şəhəri”nin təmsilçisi futbol üzrə Azərbaycan yığmasının və Latviyanın “Metallurg” klubunun forvardı Vüqar Əsgərovu heyətinə qatmaq üzrədi.
Qeyd edək ki, Əsgərov artıq bir neçə il idi Liepaya klubunun şərəfini qoruyurdu. O, ötən mövsüm “Metallurg”da çətin günlər keçirsə də, bu mövsüm işləri pis getmirdi. Həmyerlimiz hətta Latviya çempionatının cari mövsümündə bir neçə qola da imza atmışdı. Amma buna rəğmən yığmamıza dəvət olunmurdu. Görünür Əsgərovun Azərbaycan klubuna keçməsinə də məhz bu amil öz təsirini göstərib və o, yığmamızın məşqçilərinin gözünə daha çox görünməyə qərar verib. Maliyyə şərtlərinin nə dərəcədə önəmli rol oynadığını söyləmək isə çətindi.
Yığmamızın forvardı artıq Bakıdadı. Onun bu gün “Sumqayıt”la müqavilə bağlaması gözlənilir. Tərəflər iki illik anlaşma ilə bağlı razılığa gəliblər.
İdman24.az