İspaniya millisinin yarımmüdafiəçisi Rodri Almaniyada təşkil edilən Avropa çempionatının finalında İngiltərəyə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:
"Mən onları yaxşı tanıyıram, İngiltərənin futbol mədəniyyətinə bələdəm. Rəqib komandanın meydanda hər şeyin öhdəsindən gələ bilən istedadlı futbolçuları çoxdur. Onlar yaxşı müdafiə olunur, təhlükəli hücumlar edə bilirlər. Biz onlara necə ziyan vuracağımızı müəyyənləşdirməli, bunun üzərində işləməliyik.
İngiltərədə kimi fərqləndirərdim? Mənim Fil Foden xoşuma gəlir. Çünki Fili tanıyıram, axı o, mənimlə oynayır. Fodeni çox bərk saxlamaq lazımdı, çünki onun anadangəlmə dar ərazidə hərəkət etmək bacarığı var. Ancaq Foden tək deyil, onların heyətlərində sizə problem yaradacaq başqa oyunçular da çoxdur. Bir futbolçunun üzərində dayanmağı sevmirəm. İngiltərəni komanda şəklində dəyərləndirə bilərəm. Biz bu rəqiblə təkbətək mübarizə üçün meydana öz silahımızla çıxacağıq".
Qeyd edək ki, İspaniya - İngiltərə qarşılaşması iyulun 14-də reallaşacaq. Final matçının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat