Danimarkanın paytaxtı Kopenhagen növbəti il keçiriləcək Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhərdən biridi.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, turnirin 2021-ci ildə Kopenhagendə keçirilməsi mümkün olmaya bilər. Danimarka Futbol İttifaqının prezidenti Yesper Möller bu barədə tərəddüdlərini dilə gətirib.
Final mərhələsinin oyunları 11 iyun - 11 iyul aralığına planlaşdırılıb. Eyni zamanda, iyun ayının əvvəllərində Danimarkada Tur de Frans veloyarışının üç mərhələsi keçirilməlidi. Məhz bu amil şəhər meriyasını və federasiyanı çətin vəziyyətdə qoyub.
Möllerə görə, Avropa çempionatının matçlarının Kopenhagendə keçirilmə ehtimalı 50/50-di:
"Kopenhagendə oyunların keçirilib-keçirilməməsi ilə bağlı hələ də şübhələrim var. Məncə, ehtimal 50/50-di. Həm biz, həm də UEFA məsələyə pozitiv yanaşır, növbəti addımlar barədə düşünmək istəyirik. Amma ilk öncə dəqiqləşdirməli olduğumuz bəzi məsələlər var".
Avro-2020-nin keçiriləcəyi ölkələri təmsil edən futbol federasiyalarının turnirə ev sahibliyi etmək istədiklərinə dair rəsmi razılıq məktubunu aprelin 30-dək UEFA-ya göndərməli olduqları bildirilir.
Qeyd edək ki, Avro-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Qitə çempionatının ev sahibi şəhərlərindən biri də Bakıdı. Artıq AFFA turnirin 4 oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı razılığını UEFA-ya bildirib.
Fanat.Az