"Legiya"nın baş məşqçisi Çeslav Mixneviçin kreslosu laxlayıb.
Fanat.Az "Legia.net" saytına istinadən xəbər verir ki, komandanın avrokubokda uğurlu çıxış etməsinə baxmayaraq, ekstraklassadakı bərbad nəticə rəhbərliyin səbr kasasını doldurub.
Son turda "Lex"ə məğlubiyyətdən (0:1) sonra "Legiya" prezidenti Dariuş Mioduski stadionu əsəbi şəkildə tərk edib. İki saat sonra klubdan bildirilib ki, hələlik heç bir dəyişiklik olmayacaq, birlikdə işləməyə davam edəcəyik.
Bazar ertəsi isə baş məşqçi Çeslav Mixneviç prezidentlə və idman direktoru Radoslav Kuçarski ilə görüşüb. Tərəflər dəyişiklik üçün vaxtın münasib olmadığına qərar veriblər. Rəhbərlik böhrandan çıxmaq üçün məşqçi heyətinə əlindən gələn köməkliyi etməyə hazır olduğunu bildirib.
Beləliklə, "Legiya" Mixneviçlə ən azı milli komandalara görə yaranacaq növbəti fasiləyə qədər işbirliyinə davam etmək niyyətindədir. Buna baxmayaraq, Polşa mətbuatı düşərgədə vəziyyətin gərgin olduğunu və bütün mümkün variantların istisna edilmədiyini vurğulayır.
Noyabrdakı fasiləyə qədər isə "Legiya"nı çempionatda "Pyast", "Poqon" və "Stal"la oyunlar, həmçinin, kubokda "Skolvin"lə görüş gözləyir. Bundan başqa, Varşava təmsilçisi "Napoli" ilə Avroliqada ardıcıl 2 duelə çıxacaq.
Qeyd edək ki, Mahir Emrelinin komandası çempionatda keçirdiyi 9 oyunda cəmi 9 xal toplayıb və hazırda 15-ci sırada qərarlaşıb.
Mirağa