"Turan Tovuz" klubunun sabiq çalışdırıcısı Rövşən Babayev hazırda işsizdir.
45 yaşlı mütəxəssisin adı gələn mövsümdən Birinci Divizionda çıxış edəcək "Mingəçevir" ilə hallanır.
Babayev bu və digər məslələrlə bağlı Fanat.Az-a danışıb:
"Turan Tovuz"dan ayrıldıqdan sonra heç bir təklif almamışam. Hələlik işsizəm. Məlum məsələdir ki, çempionat davam edir, son turlar qalıb. Mösüm bitəndən sonra qismət olarsa, haradasa işimizi davam etdirə bilərik. Hələ gözləyirik. Adımın Mingəçevirin "Energetik" klubu ilə hallanmasına gəlincə, mənə sizdən öncə bir neçə idman saytından da zəng etmişdilər. Onlara cavab verdim ki, belə bir şey olsa, deyərəm. Bilirsiniz, yalandan vaxt udmaq üçün nə isə demək olar. Fakt budur ki, mənimlə bu mövzuda heç kim danışmayıb. Yəni gizlədiləsi nə var ki? Təki təklif olsun, mən də gedim".
Babayev Tovuz klubundakı fəaliyyət dönəmini də yada salıb:
"Fikirləşdiyim qədər "Turan Tovuz"da pis işləməmişəm. Ümumi nəticə baxımından demirəm. Bəli, məğlubiyyətlərimiz olub. Amma mənim yanaşmam başqa idi. Gənc futbolçulara şans yaratdım. Onlara Birinci Diviziondakı rəqiblərə qarşı oynamaq imkanı yaratdım. Fikrimcə, bu, mənim Tovuz futboluna verdiyim tövhədir. Bəhrəsi də oldu. Məsələn, Sadiq Şəfiyevin uğurlarını vurğulayardım (Şəfiyev son oyunda - səfərdə "Səbail"in əvəzedicilərinə qarşı matçda het-trik edib). Bu gün o, davamlı olaraq 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılır. Sadiqə Polşadan təklif var idi. Bu, elə-belə olub? Rövşən Babayev oynatmasaydı, kimsə onu görüb təklif göndərərdi? Mənim dönəmimdə futbolçu oyun vaxtı qazandı və bu gün görürük ki, o, yaxşı nailiyyətlər əldə edir. Həmin gəclər artıq müəyyən qədər hazırdırlar. Daha bir neçə futbolçunun adını qeyd edərdim, 2006-cı il təvəllüdlü futbolçulardır: Dinamin Bağırov və Hüseyn Hüseynov. İnanın mənə, onlarda böyük potensial var... Çəkinmədən bu futbolçuları yoldaşlıq oyunlarında oynatdım, rəsmi matçlarda onlara şans verdim. Mənim orada işlədiyim dövr bu oyunçuların sıçrayışı üçün o qədər yaxşı dönəm idi ki, gənclərdən yararlanmaya bilməzdim. Görün qısa zamanda neçə nəfər müxtəlif yaş qruplarından ibarət milli komandalara çağırıldı... "Turan Tovuz"un əsas komandasında məşq etməklə, təcrübə toplamaqla onlar bir addım irəlilədilər.
3 xal hər zaman istənilən komanda üçün vacib şərtdir. Amma yalnız nəticəyə oynasaydıq, gənclər kölgədə qala bilərdilər. Adını çəkdiyim futbolçularla Tovuzda tanış olmuşdum. Kimsə deyə bilməz ki, Rövşən Babayev "yatırdı", akademiyanın məşqlərini izləmirdi. İstənilən yaş qrupu haqda sual versəniz, hamısı barədə məlumat verə bilərəm. Niyə? Ona görə ki, işimə gəncləri yetişdirmək fəlsəfəsi ilə yanaşırdım. Mən istəyirdim ki, gələcəkdə futbolumuz udsun. Yenə deyirəm, mən xal dalınca qaçsaydım, yalnız təcrübəli futbolçuları oynadardım. Belədə, ölkənin futbol ictimaiyyəti gənc futbolçuları tanımayacaqdı. Özüm 14-15 yaşında peşəkar liqada ilk addımlarımı atmışam. Bu gün gənclərə yer vərməsəm, başqası yer verməsə, onda nə zaman bu plan həyata keçiriləcək. Bir məşqçi öz hədəflərini artıqmaq üçün Quardiolanın, Tuxelin yanında öyrənməlidir də. Elə deyil? Bu da ona bənzəyir. Gənclər peşəkar liqada oynamasalar, onun çətinliyinə, nə dərəcədə ciddi liqa oluğuna bələd olmayacaqlar. Adil Şükürovla çiyin-çiyinə verib akademiyadan olan futbolçulardan istifadə etdik".
Sadiq Şəfiyev
Dinamin Bağırov
Hüseyn Hüseynov
Klubdan ayrılmağıma baxmayaraq, ürəyim rahatdır. Ona görə ki, haqqında danışdığım gənc futbolçuları irəli çəkə bildim. Həm rəhbərliyin, həm də futbolçuların qarşısında alnım açıqdır. Demişdim ki, milliyə futbolçu verəcəyəm, verdim. Bəli, Birinci Divizionda işlərimiz yaxşı getmədi, bunu danmıram. Sevindirici fakt odur ki, ölkə futboluna yeni nəfəs verə biləcək oyunçuların göstərdiyi performans göz önündədir".
Emin Şəmsiyev