
Premyer Liqanın debütantı "Şəfa"nın qadınlar arasında Yüksək Liqada komandasının olmayacağı ilə bağlı xəbər yayılıb. Bakı klubunun I Liqada çıxış edərkən mövcüd olan komandanı ləğv etmək niyyətində olduğu bildirilir.
Fanat.Az komandanın ləğv olunması ilə bağlı məlumatı baş məşqçi Gülyana Özcan (əvvəlki soyadı Güvəndiyeva olub, sabiq hakimdir - red.) ilə dəqiqləşdirmək istəyib.
Ancaq o, məlumatı nə təsdiq, nə də təkzib edib:
"Yaxşı olardı ki, bu barədə klubdan açıqlama alasınız. Mənim mövzu ilə bağlı nəsə deməyim yaxşı alınmaz. Mən baş məşqçiyəm, qərarı mən vermirəm".
Klubun mətbuat xidmətindən sorğumuza isə belə cavab verilib: "Komanda fəaliyyətini davam etdirəcək. Lisenziyanın tələbinə əməl olunacaq".
Qeyd edək ki, "Şəfa"nın qadın komandası son mövsümdə 22 oyunda 45 xal toplayaraq 12 iştirakçı arasında 4-cü olub.
Mirağa