
Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatmada "Neftçi"nin də rəqibi bilinəcək.
Tədbirdə həmçinin, birinci təsnifat mərhələsində Gürcüstan "Torpedo"su ilə qarşılaşacaq "Zirə" də növbəti potensial rəqibi bəlli olacaq. Üstəlik, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin görüşlərində, o cümlədən "Qarabağ" - "Vestri" duelində məğlub komandanın rəqibi müəyyənləşəcək.
İkinci təsnifat mərhələsində "səpələnməmişlər" səbətində yer alan "ağ-qaralar"ın rəqibi "səpələnmişlər"də olan komandalardan ("Braqa" (Portuqaliya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "Rapid" (Avstriya), "Panatinaikos" (Yunanıstan), "Ludoqorets" (Bolqarıstan), FKSB (Rumıniya), "Rakuv" (Polşa), "Partizan" (Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Başakşəhər" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Kluj" (Rumıniya), HİK (Finlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Slovakiya), "Hradets-Kralove" (Çexiya), "Avstriya" (Avstriya), "Katovitse" (Polşa), "Vaduts" (Lixtenşteyn), "Norşellann" (Norveç), "Tobol" (Qazaxıstan), "Apollon" (Kipr), "Hibernian" (Şotlandiya), "Torshavn" (Farer adaları) və "Syon" (İsveçrə) biri ola bilər.
Daha 13 komanda ilk raundun nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.