
Norveçli hücumçu Erlinq Holand komandasının dünya çempionatının 1/8 final matçında Braziliyanı məğlub etmək şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ulduz forvard Norveç televiziya kanalı NRK-nın sualına cavab olaraq şanslarının az olduğunu deyib:
"Çox az şansımız var. Çünki Braziliya açıq-aydın favoritdir".
Braziliya ilə Norveç arasında 1/8 final matçı iyulun 5-də Nyu-Cersi ştatında keçiriləcək.
"Sambaçılar" 1/16 finalda Yaponiyanı, Norveç isə Fil Dişi Sahilini 2:1 hesabı ilə məğlub edib.
Braziliya dünya çempionatları tarixində ən çox (5 dəfə) titul qazanan komandadır. Norveç isə tarixində ikinci dəfə DÇ-nin qrup mərhələsindən çıxıb, ilk dəfə pley-off matçında qalib gəlib. "Vikinqlər"in bundan əvvəl qrup mərhələsindəki yeganə çıxışı DÇ-1998-də olmuşdu və orada 1/8 finalda İtaliyaya 0:1 hesabı ilə uduzmuşdular.
Dünya çempionatı ilk dəfə olaraq üç ölkədə - ABŞ, Kanada və Meksikada 48 milli komandanın iştirakı ilə keçirilir. Turnir 19 iyulda başa çatacaq.
Mirağa