
DÇ-2026-da 1/4 final mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final mərhələsinin daha bir oyunu keçiriləcək.
Son Avropa çempionu İspaniya Los Anceles stadionunda Belçika ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingilis hakim Maykl Oliver idarə edəcək. VAR hakimləri isə Carred Cillett və İvan Bebekdir.
Maykl Oliver ilk dəfə dünya çempionatında İspaniya - Belçika qarşılaşmasını idarə edəcək.
Komandalar sonuncu dəfə 2016-cı ildə qarşılaşıblar. Həmin görüşdə ispanlar daha üstün olaraq David Silvanın vurduğu qollarla 2:0 qalib gəliblər.
Yığmalar 1920-ci ildən bu günə kimi 23 dəfə qarşılaşıblar. Bu görüşlərin 12-dən İspaniya qalib ayrılıb. Belçika isə yalnız 6 matçda uğurlu nəticə göstərib. Tərəflər qalan 5 matçda bərabərliyə razılaşıblar.
Sonuncu dəfə 2009-cu ildə baş tuatn dünya çempionatında qarşılaşan millilər yenidən meydandadırlar. Həmin matçda Visente del Boskenin başçılıq etdiyi "buğalar" 5:0-lıq darmadağına sevinmişdilər. Tərəflərin duellərindəki ən böyük hesablı qələbə də budur.
Belə hesab 2 dəfə qeydə alınıb və hər ikisində ispanlar "qırmızı şeytanlar"ı məğlub etməyi bacarıblar. Komandalar arasında ən kiçik hesablı qələbədə isə Belçika yığmasının imzası var. Söhbət hazırlıq matçında qeydə alınan 1:0-dan gedir. Ən son 2016-cı ildəki hazırlıq matçında qələbə qazanan İspaniya yenidən zəfərə köklənib.
Belçikanın tarixdəki ən böyük uğuru 2018-ci ildə Rusiyada keçirilən mundilada qeydə alınıb. Həmin il sözügedən yığma 3-cü yeri tutaraq bürünc medal qazanıb.
Nəticəni bir qədər də yaxşılaşdırmağı hədəfləyən belçikalıların nəyə nail olacağını təbii ki, zaman göstərəcək. İspaniyanın isə son böyük nailiyyəti AÇ-2024-dəki çempionluqdur.
Statistik məlumatlarda ispanlar nə qədər öndə olsalar da, Belçika millisi də çox güclü görünür. Rudi Qarsiyanın çalışdırdığı kollektiv mundialdakı son matçında ABŞ-yə 4:1 hesabı ilə qalib gəlib və bir növ güc nümayiş etdirib. İspanlar isə Roberto Martinesin başçılıq etdiyi Portuqaliya üzərində Merinonun vurduğu bir qol ilə qələbə qazanıblar. Hər iki komandanın güclü hücum xətti var. Müdafiədə isə Luis de la Fuentenin yetirmələri daha üstün görünürlər. Lakin Belçikanın orta xəttindən parlaq simalar boy göstərir. Kevin De Bröyne və Yuri Tilemans bu çempionatda aktiv şəkildə iştirak etməyi bacarıblar. İspaniya millisində Pedri - Rodri ikilisi gözəl oyun nümayiş etdirirlər.
Komandaların orta yaş həddində də fərqlər var. İspaniyada bu hədd 26, Belçika da isə 29-dur.
Qeyd edək ki, İspaniya millisi son 5 oyunun yalnız birində heç-heçə görüb. Belçikalılar isə 5 görüşdə 3 qələbə 2 bərabərliyə imza atıblar.
Əlisahib İbrahimli