
Növbəti mövsümə hazırlıqlarını Bakıda davam etdirən "İmişli" əsasən yerli oyunçu bazarında fəaldır. Bölgə təmsilçisi Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə, Yusif İmanov və Seyxan Fərəcov kimi adları heyətinə cəlb edib. Əvəzində əcnəbi futbolçu alınmayıb. Baxmayaraq ki, 2 legioner - belaruslu qapıçı Andrey Sinenka ilə braziliyalı müdafiəçi Rafael Vieqas yola salınıb.
Bu barədə Fanat.Az-a danışan komandanın yeni baş məşqçisi Fərid Namazov qış fasiləsinə kimi sifariş ərizəsində olacaq legionerlərin sayını açıqlayıb:
"Əslində, yetərincə legionerimiz var. Ötən mövsüm komandada olan 11 əcnəbidən yalnız Sinenka ilə Vieqas gedib. Qalan 9 nəfər - Dioqo Rollo, Ronaldo de Souza, Edvin Banquera, Ezekiel Morqan, Yau Mozes, Nikola Karaklaiç, Luis Silvestr, Dioqo Almeyda və Dioqo Kardozu düşərgədədir, hazırda məşqlərdə iştirak edirlər. Gedənlər arasında yerlilərin üstünlük təşkil etdiyini, üstəlik ancaq azərbaycanlı futbolçu transfer etdiyimizi nəzərə alsaq, indiki halda komandanın sütutunu həmin legionerlərimiz təşkil edir. Hamısının da müqaviləsi var. Açığı, fikrimiz qış fasiləsinə qədər 10 legioner ilə mübarizə aparmaqdır. Qışdan sonra üçün sifariş ərizəsində yer saxlayacağıq. On yerin tamamlanması üçün cəmi 1 əcnəbi gətirə bilərik. Yalnız kimsə sərfəli təklif alıb getmək istəsə, onun yerinə də legioner gətirə bilərik. Seçim etməyə tələsmirəm. Təkliflər var, baxıram. Sonda dəyərləndirib qərar verəcəyəm".
Qeyd edək ki, "İmişli"ni 1-ci Liqadan Premyer Liqaya məhz Fərid Namazov çıxarıb. Ancaq ötən mövsüm elitada portuqaliyalı Jorje Kaşkilyanın rəhbərliyi altında debüt edən bölgə təmsilçisində yenidən baş məqşçi dəyişikliyi edilib, Namazov postuna qaytarılıb.
Mirağa