
"Arsenal"ın "Atletiko Madrid"i Xulian Alvaresi transfer etmək üçün təklif etməyə hazırlaşdığı məbləğ və mübadilə şərtləri ilə bağlı təfərrüatlar məlum olub.
Fanat.Az xəbər verir ki, informasiyanı Britaniyanın "The Times" qəzeti yayıb.
Mənbənin məlumatına görə, London nəhənginin baş məşqçisi Mikel Arteta argentinalı hücumçunu qarşıdakı mövsümdə öz sərəncamında görməkdə maraqlıdır.
"Topçular" bu transferi reallaşdırmaq üçün İspaniya klubuna 100 milyon avro və Viktor Dyökereşi təklif etməyi planlaşdırır.
Madrid təmsilçisinin Alvaresi heyətdə saxlamaq istədiyi bildirilsə də, klub ölkə xaricindən qənaətbəxş təklif gələcəyi təqdirdə futbolçunun gedişinə razılıq verə bilər.
Bununla belə, məlumatlara görə, əvvəllər "Mançester Siti"də çıxış etmiş 26 yaşlı hücumçu İngiltərəyə qayıtmaqdansa, İspaniyada qalmağa üstünlük verir.
Qeyd edək ki, Xulian Alvares 2025/26 mövsümündə "Atletiko Madrid"in heyətində bütün turnirlərdə 49 oyuna çıxaraq 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli