
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" ilə qarşılaşıb. Ölkə çempionu Danimarkada 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin sabiq yarımüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb ilk oyun və cavab matçı barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Maraqlı oyun izlədik. Matçın əvvəlində "Orhus" yüksək səviyyədə pressinq elədi və "Sabah" bir az çətinliklə üzləşdi. Amma görüşün irərləyən dəqiqələrində təmsilçimiz oyunu balanslaşdırmağı bacardı. Təxmin etdiyimiz kimi də oldu, danimarkalılar yüksək təzyiqlə oynadılar. İlk hissədə "bayquşlar" 2 dəfə rəqibi əks-hücumda tutmağı bacardı. Son zərbələrdə az da olsa, çatışmazlıqlar oldu. Rəqibin də üstün tərəfini qeyd etmək lazımdır ki, "Sabah"ın basqılarına baxmayaraq o təzyiqdən çıxmağı bacarırdılar. İlk hissədə 4-2-4 sistemi ilə pressinq edirdik, lakin irəli "4-lü"nü rahat keçə bilirdilər. Rəqib yaxşı kombinasiyalar edirdi, sürətli oynayırdılar. Bunun nəticəsində də birinci qolu vurmağı bacardılar. Çox yaxşı zərbə idi, onu tutmaq da çətindir. Çünki topu tam "9-luğ"a göndərdi.
İkinci hissədə oyunu bərabərləşdirmək istəsək də, ikinci qol gəldi. İnsafən, o da baxımlı zərbə idi. Ancaq mənə elə gəlir ki, qapıçıya bu haqda nəsə demək olmaz. Xoş tərəflərdən biri o idi ki, ikinci yarıda artıq biz oyuna nəzarəti ələ keçirməyi bacardıq. "Sabah" effektiv hücumlar qurrurdu. Lakin yenə son zərbələrdə dəqiqlik əskik idi. 100 faizlik qol imkanlarımız belə oldu. "Sabah" bu matçı bərabərə də bitirə bilərdi. Dirəkdən dönən zərbələr, vurulan qolun ofsayd olması və digər bu kimi epizodları da unutmaq olmaz. Azərbayan təmsilçisi azarkeşlərin gözünü oxşayan bir matç nümayiş etdirdi.
Cavab oyunu haqqında nə deyə bilərəm? Bakıda lehimizə olacaq məqamlardan biri hava şəraiti ola bilər. Paytaxtın istisi rəqib üçün cəhənnəmə çevrilə bilər. Növbəti avantaj azarkeşlərdir. Onlar rəqibi basqı altında saxlaya bilərlər.
Rəqibin üstünlüyü çoxtərəfli olmalarıdır. "5-li" müdafiə olunmağı bacarırlar ki, bunlardan 3-ü mərkəz, 2-si cinah müdafiəçiləridir. Ehtiyat etməli olduğumuz cəhətlər əks-hücumlar, standart vəziyyətlər və aut atışlarıdır. Açıq zona gördükləri anda bundan istifadə etməyi bacarırlar.
Buna baxmayaraq, "Orhus" keçilməz rəqib deyil, səbrli oynamaq lazımdır, tələsməməliyik. "Sabah" bu cütün qalibi ola bilər. Ən azından birinci oyundan sonra şansları eyni hesab edirəm".
Qeyd edək ki, cavab matçı paytaxtda avqustun 11-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Əlisahib İbrahimli