
“Qarabağ” zədəli futbolçularının son durumu ilə bağlı rəsmi məlumat yayıb.
Fanat.Az xəbər verir ki, Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə başlayıb.
Renaldo Sefasın müalicəsi davam edir. Bərpa prosesində müsbət dinamika müşahidə olunan futbolçunun “Tvente” ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer alma ehtimalı var. Onun meydana çıxıb-çıxmayacağı son vəziyyətinə əsasən müəyyənləşəcək.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.
İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.
İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.
Zakaria Savonun bərpa prosesi də davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.