
“Qarabağ” sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Tvente”ni qəbul edəcək.
Fanat.Az xəbər verir ki, Niderland təmsilçisinin futbolçusu Rüd Neystad görüşdən öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
–Son oyundakı səhvlərinizin üzərində işləmisiniz?
–Son oyunda kifayət qədər səhvlərim olmuşdu. Topu oyuna daxil edərkən də səhvlərimiz var idi. Ümid edirəm ki, bu matçda belə səhvlər etməyəcəyik.
–Avrokuboklarda və yerli çempionatda oynamaq arasında fərq görürsünüz?
–Avropada oynamaq kifayət qədər çətin və maraqlıdır. Sabah əlimizdən gələni edəcəyik ki, yolumuza davam edə bilək.
–Sabah “Qarabağ”a məğlub olsanız, məyus olacaqsınız?
–Çox istəyirik ki, qələbə qazanıb, Konfrans Liqasında yolumuza davam edək.
–Mikrofon qarşısında dayanmaq sizə necə hiss etdirir?
–Çətin həyat yaşayıram. Futbol oynamaq və mikrofon önündə olmaq böyük məsuliyyətdir.
–Bəs məğlubiyyət zamanı nə hiss edəcəksiniz?
–Kifayət qədər məyusluq yaşasaq da, yolumuza davam etməliyik.
–Məğlub olsanız, kifayət qədər tez – avqust ayında avrokuboklarla vidalaşmalı olacaqsınız.
–Biz sabah əlimizdən gələni edəcəyik ki, Avropada yolumuza davam edək.
–Ötən il uğurlu çıxış etdiyiniz üçün yaxşı rəylər alırdınız. İndi isə kifayət qədər tənqid olunursunuz. Bu, sizə necə təsir edir?
–Çalışıram ki, yazılardan və xəbərlərdən mümkün qədər uzaq olum. Bu, mənim əhvalıma təsir edir. Bu, işimizin bir parçasıdır. Biz hər zaman qalib gələ bilmərik. Məğlub olduğumuz vaxtlar da olacaq. Mən bunu qəbul etmişəm.
Əlisahib İbrahimli