
"Yeni mövsümdə Birinci Liqadakı mübarizə çox maraqlı alınacaq. Əvvəllər bir-iki real favorit olurdusa, indi dörd, bəlkə də beş komanda çempionluq uğrunda mübarizə aparacaq".
Bu sözləri Fanat.Az-a açıqlamasında Pro kateqoriyalı mütəxəssis Rüstəm Məmmədov deyib.
Ötən "futbol ili"nin sonunda "Zaqatala"nın baş məşqçi postu ilə vidalaşan çalışdırıcı sentyabrın 3-də start götürəcək 1-ci Liqa komandalarının durumunu dəyərləndirib: "Transferlərin keyfiyyətinə, yaradılan şəraitə və büdcəyə nəzərən "Şahdağ Qusar" və "Səbail" əsas favoritlərdir. Bu iki klubdan başqa, "Karvan-Yevlax" və MOİK də iddialıdır. Həm MOİK-ə, həm də Yevlax təmsilçisinə yaxşı şərait yaradılıb, böyük büdcə ayrılıb. İkinci Liqada çempion olaraq Birinci Liqaya yüksələn "Xankəndi" də "asan yem" olmayacaq. Heyətlərinə təcrübəli oyunçular qatıblar, istəkli görünürlər. "Xabkəndi" kimi "Baku Sportinq" və "Mingəçevir"in də yekunda orta yerlərdə qərarlaşacağını gözləyirəm. Orta yerlərdən danışırıqsa, gec yığılmasına baxmayaraq, "Gəncəbasar"ı da qeyd etməliyəm. Nə qədər acı da olsa, "Zaqatala" və "Şimal"ın çempionatı autsayder mövqeyində başa vuracağını gözləyirəm. Nə legionerləri var, nə yaxşı büdcələri, nə də şəraitləri... Reallıq belədir".
Nihat