
İkinci Liqanın 2-ci turu çərçivəsində "Qaradağ Lökbatan"la oyunun 32-ci dəqiqəsində ciddi xəsarət alaraq erkən əvəzlənən "Şirvan"lı "10 nömrə"si Mehman Məsimovun durumuna aydınlıq gəlib.
Yarımmüdafiəçinin sağlıq durumu barədə Fanat.Az-a açıqlama verən bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramov belə deyib:
"Təəssüf ki, "Qaradağ Lökbatan"la oyunda futbolçumuz Mehman Məsimovu itirdik. Zədələndiyi üçün erkən əvəzləməyə əl atdıq. Məlum oldu ki, çiyin bağları qopub. Bu gün əməliyyat olunacaq. Əməliyyatdan sonra həkimlər onun nə vaxt bərpa olunaraq sıraya dönə biləcəyi barədə bizi məlumatlandıracaqlar. Ümid edirəm ki, bu, çox uzun çəkməz. Mehmana tez sağalmağı arzu edirik".
Qeyd edək ki, mövsümə uğurlu start verən "Şirvan" 2 turdan sonra xal itirməyən yeganə komandadır. Bölgə təmsilçisi 6 xalla turnir cədvəlinə başçılıq edir. "Şirvan" növbəti oyununu "Hypers" komandasına qarşı keçirəcək. 3-cü turun görüşü 14 sentyabrda Şirvanda baş tutacaq.
Mirağa