
Azərbaycan Region Liqasında 3 mövsüm mübarizə aparan “Lənkəran” klubu növbəti dəfə də bu çempionatda mübarizə aparmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, bunu klubun prezidenti Rəhman Abasov yeni mövsümlə bağlı media nümayəndələri ilə görüşdə bildirib:
“Müraciətin əsas səbəbi “Lənkəran”ın gələcək fəaliyyəti ilə bağlıdır. Klub 2023-cü ildən fəaliyyət göstərir. Son ilə qədər mübarizə apararaq 2 dəfə 1/4 mərhələyə qədər irəliləmişik. Bizim sponsorumuz yoxdur. Öz əziyyətimizlə bura qədər gəlmişik. İşçilərimiz, futbolçularımız, hakimlərimiz maliyyəsiz işləyir. Özlərinin ayrı peşəsi olsa da, bölgə futbolu üçün bizimlə bu yola çıxıb. Komandanın lisenziyasının müddəti bitib.
Gələcək fəaliyyətimizi davam etdirmək üçün sponsora ehtiyacımız var. Bizneslə məşğul olan şəxslərə, iş adamlarına bununla bağlı üz tuturuq ki, bölgə klubunu irəli aparaq. 3 ildir hər kəs mübarizə aparır. Zədələr alanlar olub, “Bioloji Təbabət” klinikası Masallıda tibbi dəstək ediblər.
Vəziyyət ağırdır, sponsor axtarırıq.
Mən klub rəhbəri kimi xərcləri ödəmişəm. Məşqçilər, futbolçular, həkimlər gəlir gözləmədən çalışıb ki, “Lənkəran” futbolu inkişaf etsin. Bu il 1/4 mərhələyə qədər irəliləyən sponsorsuz tək komanda idik. FİF-ə müraciət etmək üçün 2-ci Liqada çıxış etmək lazımdır. Mən özüm iş adamı deyiləm. Təqaüddə olan polis işçisiyəm. Lənkəranda, həmçinin, digər bölgələrdə səfərlər edirəm. Məndən hər dəfə "Lənkərana futbol nə zaman qayıdacaq?” deyə soruşurlar".
"Lənkəran"ın rəhbəri fəaliyyətini dayandıran "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimova müraciət etdiklərini də bildirib:
"Bizim elə bu həftə müraciətlərimiz olub. “Palmali” və Lənkəranda fəaliyyət göstərən bir neçə şirkətə müraciət etmişik. Zaur Ramazanov və Alim Qurbanovla əlaqəmiz var. Onlarla görüşlərimiz olub. Onlarla Lənkəran futbolu ilə bağlı söhbətlərimiz olub. Onların bölgədə kifayət qədər nüfuzları var. Həmin vaxt əlaqəmiz bu səbəbdən olub. “Palmali”yə müraciət isə daha sonra baş tutub.
Futbol elə bir sahədir ki, maliyyə nə qədər çox olsa, yaxşı olar. Biz büdcəsiz böyük işlər görmüşük. Heç bir kəs nə maaş, nə də büdcə almayıb. Yol, forma, qidalanma xərclərini özüm qarşılamışam. Futbolçularla birlikdə hərəkət etmişik. Ötən il bir matçda məğlub olmuşduq. Mən müavinə tapşırmışdım ki, uşaqların qidalanması təşkil olunsun. Daha sonra öyrəndim ki, uşaqlar həmin yeməyi yeməyiblər ki, bunu biz haqq eləmirik.
Ötən ildən biz Lənkəran Olimpiya Kompleksində çıxış edirik. Dəyərini deyə bilmirəm. Hazırda ora icarəyə verilir.
Əgər maliyyə yardımı olmasa, biz yəqin ki, fəaliyyətimizi dayandıracağıq. Son tarix 12 sentyabrdır. Bu tarixə qədər gözləyəcəyik.
Biz bu yola “Lənkəran”a futbolu qazandırmaq üçün çıxmışıq. Bu yaxınlarda bölgədə şəhidlərin xatirəsinə 11x11 futbol turniri keçirilib. Bizdə uşaq futbolunun təməli hazırdır. Mən buradan AFFA-ya təşəkkür edirəm. Bölgələr üzrə məşqçi kursları keçirib. Bu sayədə bizim də məşqçilərimiz C kateqoriyası alıb. Müraciətlərimizə mənfi cavab verilməyib. Region Liqası dedikdə tək Lənkəran başa düşülmür. 1/4 mərhələyə qədər irəliləyən komandalara lisenziya verilib. Bunun bizə çox böyük yardımları oldu. AFFA-nın hansısa klubun qarşısında mane yaratdığını görməmişəm. Əgər komanda sayı artıq olsaydı, iştirak hüququ həmin komandalara verilsəydi, biz yenə də buna etiraz etməzdik. Əsas bölgə futbolu inkişaf etsin. Ciddi danışıqlara son mövsümdə başlamışdıq. Artıq 3-cü ildir ki, fəaliyyətimiz davam edir. Bu səbəbdən biz sponsor üçün müraciət etdik. Bank isə bizdən 417 manat tələb etdi!
Hələ ki, heç bir müraciətimizə müsbət cavab almamışıq.
Mən “Xan Lənkəran” komandasında müavin işləmişəm. Daha sonra U-17 komandasında fəaliyyət göstərirdim. Həmin ilin oktyabrında isə yollarımızı ayıraraq, “Lənkəran” klubunu yaratdım.
“Xan Lənkəran” təlim-məşq toplanışını Antalyada keçirib. Hətta futbolçulara əlavə maaş da vermişdik. Region Liqasında 3 il iştirak limiti var.
Bizimlə işləmək istəyən iş adamları, biznes sahibləri, şirkətlərin marketinqinin inkişafı üçün bizim də təkliflərimiz var.
Bu klub tək mənim deyil, hər kəsindir".