
Misli Premyer Liqasının 5-ci turuna yekun vurulub.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb komandalardan gözləntilərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sualınıza gəldikdə isə, ümumilikdə çempionatı artıq komandalar üzrə belə qruplaşdırmaq olar. İlk beşlikdə "Sabah", "Qarabağ", "Neftçi", "Turan Tovuz" və "Zirə" komandaları mübarizə aparacaqlar. Adını çəkdiyim bu 5 klubun Avropa Liqasına və Konfrans Liqasına vəsiqə qazanmaq üçün kifayət qədər potensialı var. Çempionluq uğrunda əsas mübarizədə isə hələ ki iki komanda önə çıxır. Bu "Sabah" və "Qarabağ"dır. Nə "Neftçi"nin, nə "Turan"ın, nə də "Zirə"nin birinci yer uğrunda iddia ortaya qoymaq potensialı hələ ki bir qədər aşağı görünür. Çünki bu komandalar öz aralarında oynayarkən "Qarabağ" və "Sabah" qədər stabil oyun nümayiş etdirə bilmirlər. Əlbəttə, çempionatın sonuna doğru vəziyyət dəyişə bilər, amma hazırkı mənzərə belədir. Turnir cədvəlinin aşağı hissəsində yer alan digər komandalara gəldikdə isə, onlar öz aralarındakı oyunlarda bir-birinə qalib gələ və ya məğlub ola bilərlər — yəni gücləri nisbətən bərabərdir. Ümumilikdə, 5-ci turdan sonra gəldiyim yekun qənaət bundan ibarətdir".
Əlisahib İbrahimli