
“Sabahın Ulduzları” Bakı kuboku uğrunda yarış davam edir.
Fanat.Az xəbər verir ki, bu gün U-15 yaş qrupunda sonuncu - 4-cü yarımfinalçının adına aydınlıq gələcək.
Belə ki, 7-ci turun təxirə salınmış “Zəngəzur” - EFA oyununun nəticəsi növbəti mərhələyə adlayacaq komandanı müəyyənləşdirəcək. “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın Əsasnaməsinə uyğun olaraq ilkin mərhələnin yekun cədvəlində ilk dörd pilləni tutmuş komandalar yarımfinala vəsiqə qazanırlar. EFA "Zəngəzur"la görüşdə qələbə qazana bilsə, "Sabah"ı qabaqlayıb 4-cü yeri özününküləşdirəcək. Əks halda, "Neftçi", "Qarabağ" və "Ulduz"a "bayquşlar" qoşulacaq. EFA xal itirsə və növbəti mərhələyə adlaya bilməsə, həm U14, həm də U-15 yaş qruplarında eyni yarımfinal cütlüklərinin duellərinə şahidlik edəcəyik. Belə ki, reqlamentə görə, yarımfinalda 1-4 və 2-3-cü yerlərin sahibləri bir-biri ilə qarşılaşır. U-14-lərin yarışında "Qarabağ"ın "Ulduz"la, "Neftçi"nin isə "Sabah"la qarşılaşacağı üç gün əvvəldən bəllidir. U-15-lərin yarışında da bugünkü görüşün nəticəsindən asılı olmayaraq, yarımfinalın bir cütü "Qarabağ" - "Ulduz" dueli ilə formalaşıb. Yalnız digər yarımfinal cütündə "Neftçi"nin rəqibinin kim olacağı dəqiqləşməyib ki, o suala da bu gün aydınlıq gələcək.
Qeyd edək ki, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın yarımfinal görüşlərinin bu həftəsonu keçirilməsi planlaşdırılır.
Sabahın Ulduzları
U-15, 7-ci turun oyunu
17 sentyabr
20:00. “Zəngəzur” - EFA
"Bayıl Arena".
