
“Neftçi” dünən Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə qalib gəlib.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar”ın baş icraçı direktoru Cenk Sümer jurnalistlərin suallarını cavablandırıb:
-Cenk bəy, "Neftçi" 1000-ci oyununu keçirdi. Bununla bağlı nə düşünürsünüz?
-Liqa çətin başladı. Bizim üçün mövsüm də rahat başlamadı. Yeni bir komandamız var, 9 transfer etdik. Heyətimizdən 10 oyunçu getdi. Mövsümü erkən açmağımız, Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda kifayət qədər qol vura bilməyib turnirlə vidalaşdıq. Təbii ki, mənəvi baxımdan bizi bir az düşürdü. Lakin daha sonra komanda tez və asan reaksiya verdi, müsbət işlər görməyə başladılar. Liqa hələ çox uzundur. Amma nəticə etibarilə, bu günə qədər 1000-ci görüşü oynamağın qürurunu yaşayırıq. Ölkənin bu uğura sahib olan ilk klubu olaraq fəxr edirik. Bu günkü nəticə həm azarkeşlərimizə, həm də camiəmizə xeyirli olsun. Oyunçular əllərindən gələni etdilər. Qarşı tərəfdəki rəqibimiz də kifayət qədər istəkli və arzulu oynadı. Onlar da futbolu gözəlləşdirmək üçün əllərindən gələni etdilər, qarşı tərəfi təbrik edirəm. Yeni məşqçiləri ilə önümüzdəki günlərdə öz komanda ruhlarına uyğun hala gələcək və uğurlu nəticələr əldə edəcəklər. Bu ilki hədəfimiz elə ən başından bəri qeyd etdiyimiz kimi, 90-cı ildə müvəffəq olub çempionluq kubokunu muzeyimizə aparmaqdır.
-Cenk bəy, “Neftçi” bu günə qədər ikinci altılıq komandalarına qarşı çox yaxşı performans göstərdi. Bir tək "Zirə" ilə oynadınız və uduzdunuz. Bundan sonra daha güclü komandalar, güclü rəqiblər gələcək. Nə düşünürsünüz, heyət həmin komandalara qarşı oynamaq üçün kifayətdirmi?
-Nəticə etibarilə, oyunun kiçiyi, böyüyü olmaz. Bəli, bəlkə də turnir cədvəlində yuxarıda olan komandalarla hələ oynamamışıqsa da, hər oyunun özünəməxsus çətinliyi var. Biz öz klubumuza güvənirik. Zatən bu komandanı formalaşdırarkən mövsümün əvvəlində məşqçimizlə etdiyimiz planlaşdırmada hədəfimiz müəyyənləşdirilən oyunu nümayiş etdirə biləcək heyət yığmaq idi. Bunu reallaşdırdıq. Müəyyən bir uyğunlaşma prosesi var. Yenə təkrar edirəm, 9 yeni oyunçumuz var. Ölkəyə, mühitə, ailələrini bura uyğunlaşdırmağa, komanda yoldaşlarına və meydançalara öyrəşməyə çalışırlar. Bu səbəbdən çalışmaya davam edəcəyik, heç nə bitməyib. Bizim üçün hər bir rəqib eynidir, hamısına hörmətlə yanaşacağıq. Rəqibin zəifi, güclüsü, asanı və ya çətini yoxdur. Biz hamısı ilə eyni diqqətlə, eyni həssaslıqla mübarizəmizə davam edəcəyik və qələbələr qazanmağa çalışacağıq.
-Rəqabət sizin fikrinizcə artıb, yoxsa azalıb?
-Xeyr, mən keçən mövsümlə və ya ondan əvvəlki mövsümlə müqayisə etsəm, hər mövsüm inkişaf edən bir liqa var. Buna görə çox şadam, çünki keyfiyyət artır. Federasiyamız, Peşəkar Futbol Liqası bu keyfiyyəti artırmaq üçün çox müsbət işlər görürlər. Eyni zamanda klublarımız da... Diqqət edin, Azərbaycanın Çempionlar Liqası qrup mərhələsinə iki il üst-üstə qalan iki komandası var. Önümüzdəki illərdə biz də orada yerimizi alacağıq. Deyildiyi kimi, rəqabət artır, liqa çətinləşir. Bunun milli komandaya da müsbət təsiri olacaq. Biz Avropada da Azərbaycan komandaları və Azərbaycan milli komandası olaraq mübarizəmizə davam edəcəyik və uğurlu olacağıq.
-Belə üst-üstə qələbələrdən sonra milli fasilənin olması komandaya necə təsir edər?
-Üst-üstə qələbələrin zərəri olmaz, əksinə faydası olar. Milli fasilə lazımdır. Komandanın formalaşması üçün vacibdir. Siz də bayaq dediniz, "komanda hazırdırmı?". Komandanı hazırlamağa, adaptasiya müddətini bitirməyə çalışırıq. Çoxlu təkrar etmək və işləmək lazımdır. Çox çalışqan məşqçilər korpusumuz və baş məşqçimiz Yuri Qriqorçuk var. Heyətlə gecə-gündüz işləyirlər. Bu təkcə analizə baxmaq və ya meydançada məşq etmək deyil. Mən klub binasında onlarla uzun iş saatları keçirdirəm. Bu baxımdan milli fasilənin bizə faydalı olacağını düşünürəm. Yoxlama görüşümüz olacaq və hazırlığı tamamlamaq istəyirik. Daha sonra önümüzdəki oyunlara baxacağıq.
-Millətlər Liqasında Azərbaycan milli komandasının şanslarını necə dəyərləndirirsiniz? Milli komandanın səviyyəsi necədir sizcə?
-Səviyyə qalxır, bunu aydın deyə bilərəm. Çox istedadlı oyunçularımız var. Baş məşqçi də özünü bu işə həsr etmiş bir mütəxəssisdir. Bəyənirəm, oynatmağa çalışdığı oyunu, əlindəki imkanları ən doğru şəkildə istifadə etməyə və xallar toplamağa çalışam bir strukturu var. Araşdırır, bütün oyunçuları tək-tək izləyir. Bizim stadionda da matçlarımıza diqqətlə baxır. Şansımızın olduğunu və tədricən inkişaf edəcəyimizi düşünürəm. Ölkəmizdəki yerli futbolçuların keyfiyyətini artıraraq milli komandaya töhfə verə biləcəklərinə inanıram. Oynamadan oyun qazanılmaz. Əminəm ki, Azərbaycan milli komandasının formasını geyinən hər bir futbolçu aslanlar kimi mübarizə aparacaq.
-Yoxlama oyunu hansı komandaya qarşı olacaq?
-Hələ tam razılaşmamışıq, bitmək üzrədir. Amma Premyer Liqa komandası ilə olacaq.
Əlisahib İbrahimli