
Lionel Messi İspaniyanın 2-ci liqa klubu "Eldense"nin əsas sahibi olub.
Fanat.Az xəbər verir ki, "Transfermarkt" artıq Messini klubun prezidenti kimi qeyd edib.
"Eldense" klubu argentinalı futbolçunun komandanı aldığını rəsmən açıqlayıb. Sövdələşmə İspaniya Ali İdman Şurasının təsdiqindən sonra tam qüvvəyə minəcək.
39 yaşlı Messi klubun əvvəlki əsas səhmdarı olan Kolumbiya investisiya qrupunun sahib olduğu səhmləri əldə edib. Bununla da argentinalı futbolçu İspaniyada ikinci klubun əsas sahibi olub.
Messi bu ilin aprelində İspaniyanın aşağı liqalarında çıxış edən "UE Kornelya"nı da almışdı.
1921-ci ildə yaradılan "Eldense" hazırda İspaniya çempionatının ikinci divizionunda mübarizə aparır. Klub mövsümün ilk 7 turundan sonra 4 məğlubiyyətlə turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
"Eldense" Messinin gəlişinin klubun idman, institusional və sosial inkişafına yönəlmiş uzunmüddətli layihənin başlanğıcı olduğunu bildirib.
Əlisahib İbrahimli