Moskva "Spartak”ında möhkəmlənə bilməyən Ayaz Quliyevin Rusiya millisinə dəvət alması gündəmdə deyil.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Rusiyanın "xalq komandası”nda işləri qaydasında getməyən Quliyevə Azərbaycan millisinin formasını geyindirməyi qarşısına məqsəd qoyan AFFA danışıqları davam etdirir. Düzdü, 2020-ci ildə tərəflər arasında aparılan danışıqlar yeni mərhələyə keçməyib. Ancaq bu, assosiasiya rəsmilərinin Rusiya doğumlu azərbaycanlıdan əl çəkməsi anlamına gəlməməlidi.
İK-nın bu ay keçiriləcəyi ehtimal edilən növbəti toplanışından sonra qurumun icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Ayaz məsələsinə yenidən qayıdacaq. Məmmədov son olaraq şəxsən əlaqə saxladığı Ayazın tələbləri ilə çoxdan tanış olsa da, vəziyyətin bir daha müzakirə edilməsini uyğun sayır və "pul oxuyan” futbolçunun bu mənada AFFA-ya müəyyən güzəşt edəcəyini düşünür. Tərəflər ortaq məxrəcə gələ bilsə, Quliyev Millətlər Liqasının ilk oyununa Azərbaycan yığmasının formasıyla çıxacaq.
Fanat.Az