Futzal üzrə Yüksək Liqa təmsilçisi "Neftçi" İK həm çempionatda, həm də kubokda titul şansını davam etdirir.
Fanat.Az xəbər verir ki, bakılılar həm çempionatın pley-off mərhələsində, həm də kubokda EKOL-la qarşılaşacaq.
Bu komandalar 8 gün ərzində minimum 3 vacib qarşılaşmada üz-üzə gələcəklər. "Neftçi" İK komandasının baş məşqçisi Elşad Quliyev federasiyanın mətbuat xidmətinə açıqlamasında qarşıdakı oyunları dəyərləndirib:
“Yüksək Liqada və ölkə kubokunda müəyyənləşdirdiyimiz işlərin icrasını davam etdiririk. Hələ ki, işlər istədiyimiz kimi gedir. Çempionatda pley-off oyunlarından əvvəl ölkə kubokunun yarımfinal matçında iştirak edəcəyik. Təbii ki, məqsədimiz hər iki yarışın finalçısı olmaq, həlledici qarşılaşmada meydana çıxmaqdır. Əlbəttə, bu, heç də asan olmayacaq. Həm kubokun yarımfinalında, həm də çempionatın pley-off matçlarında eyni rəqiblə – EKOL-la qarşılaşacağıq. Səkkiz gün ərzində eyni komanda ilə ən azı 3 oyunda üz-üzə gəlmək asan olmayacaq. Belədə kollektivi matçlara kökləmək də çətin olur. Çünki hər iki heyət bir-birini yaxşı tanıyır, zəif-güclü tərəflərini əla bilir. Çətin olsa da, işimizin öhdəsindən gəlməyə, finalçı olmağa çalışacağıq”.