15:59 14.10.2022 708

Nə tez unutdunuz... - İlqar Tağıyev yazır

Ötən həftə Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Olimpiakos"a 3:0 hesabı ilə qalib gələn "Qarabağ"ın ardınca futzal millimiz yunanlara vurulan qolların sayını 10-a çatdırdı.

Çərşənbə axşamı komandamız 2024-cü ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirdi, Yunanıstan millisini 7 cavabsız qolla məğlub etdi. 2 oyundan 6 xal və 6-cı qrupda vahid liderlik. Xatırladaq ki, bundan 5 gün əvvəl millimiz Bakıda Polşanı da yenməyi bacarmışdı - 4:3. Avropa zonası üzrə elit-raunda birbaşa yüksəlmək üçün millimizə 1-ci yeri özündə saxlamaq vacibdir. Böyük ehtimalla, bunun olub-olmayacağı gələn ilin martında Polşa ilə səfərdə keçiriləcək oyundan sonra dəqiqləşəcək. Çünki qrupumuzun digər təmsilçisi Yunanıstan zəifdir və qrup sonuncusu olacağı kimsədə şübhə doğurmur. Şər deməsən, xeyir gəlməz, yox, əgər komandamız qrup ikincisi olacaqsa, o halda pley-off mərhələsində çıxış edəcək.

Əslində, yazının mövzusu Afinada vurulan qolların sayı, futzal millimizin dünya çempionatı "macərası" deyil, tamam başqadır. Bir vaxtlar millinin aparıcı üzvü olmuş, illərlə kapitan sarğısını daşımış Rizvan Fərzəliyevdən, daha doğrusu, ona qarşı biganəlikdən, etinasızlıqdan, bəlkə də hörmətsizlikdən bəhs edəcəyəm.

Futzalla azacıq maraqlanan hər kəs Rizvan Fərzəliyevi yaxşı tanıyır. 2000-ci ildən zalda top "qovan" Rizvan ən çox Azərbaycan çempionu olmuş və ən çox kubok qazanmış futzalçıdır. Azı 12-13 dəfə qızıl medallara layiq görülüb, bir o qədər də kuboku başı üzərinə qaldırıb.  2010-cu ildə "Araz-Naxçıvan" Çempionlar Liqasında 4-cü yeri tutanda komandanın kapitanı Rizvan idi. Elə həmin il Azərbaycan millisi Avropa çempionatında 4-cü olanda da, 2016-cı ildə Kolumbiyada dünya çempionatında 5-ci yeri tutanda da kapitan sarğısı "8 nömrə"nin qolunda idi. Düzdür, həmin mundialda Rizvan zədə səbəbindən meydana çıxa bilməmişdi, amma azından komandasının yanında idi. Yəni son 10-15 ildə "Araz Naxçıvan" və Azərbaycan millisinin bütün uğurlarında Rizvanın payı danılmazdır. Bir neçə il əvvəl Rizvan haqqında yazdığım "Kiçik" futbolun böyük adamı" sərlövhəli yazıda qeyd etdiyim kimi, Rəşad Sadıqov futbolçu kimi böyük futbolda hansı hörmətə sahib idisə, Rizvan da futzalda eyni çəkidədir.

Yeri gəlmişkən, Rizvan Fərzəliyev futzal millimizdə ən çox oyun keçirən futzalçıdır. Doğrudur, bu haqda dəqiq rəqəm yoxdur, Rizvanın milli formanı neçə dəfə geyindiyi, nə qədər qol vurduğu heç kimə məlum deyil. Bunun da səbəbi futzalın statistikasının aparılmamasıdır. Deyilənə görə, rəhmətlik statistikimiz Abbas Əzimov bu yöndə müəyyən qeydlər edirmiş. Ölkənin ən məşhur statistiki Vüqar Xeyrullayev isə futzalla ümumiyyətlə maraqlanmayıb. Heç Rizvanın özü də bilmir ki, millidə neçə oyun keçirib. Ümid qalır... Çalışacağam bu rəqəmləri tapım. Rizvanın millidə keçirdiyi oyunların sayına gəlincə, 50-dən artıq olduğu dəqiqdir. Bu mənada ona ən yaxın rəqib Vitali Borisov ola bilər. Hər halda dəqiqləşdirməyə ehtiyac var.

Mövzumuza qayıdaq. Ötən mövsüm "Araz Naxçıvan"da və millidə forma geyinən Rizvan daha futzalla məşğul olmur. Yaş öz sözünü dedi. Sentyabrın 1-də 44 yaşı tamam olan Fərzəliyev karyerasını bitirdi, futzaldan səssiz-səmirsiz uzaqlaşdı. Təəssüf doğuran məqam bilirsiniz nədir? Futzalımızın inkişafında, tanınmasında filan qədər əməyi olan Rizvana göstərdiyi xidmətlərə görə kimsə nə təşəkkür etdi, nə də bir dəfə yada saldı. Azından "Araz Naxçıvan" və ya federasiya onun şərəfinə hansısa vida oyunu təşkil edə bilərdi. Etmədilər. Gözləmək olardı ki, millinin Polşa ilə Bakıdakı oyununda səbəbkara forma və xatirə hədiyyəsi təqdim etməklə vidalaşılacaq. Axı bir vaxtlar digər futzalçılarımız Rəcəb Fərəczadə və Namiq Məmmədkərimov milli karyeralarını bitirəndə belə yola salınmışdılar. Yaddan çıxdı. Sizcə, Rizvan belə münasibətə layiq idimi? Söz düşmüşkən, Rizvan bir yana, futzalımızın daha bir hörmət ediləsi nümayəndəsi Vitali Borisova da eyni münasibət göstərilmişdi. Məgər "sağollaşmaq" üçün bir forma və bir vaza bu qədərmi çox xərc tələb edir?

Bu bir yana, Rizvan futzalda xeyli təcrübəyə malikdir, ondan istifadə etmək lazımdır. Rizvanın futzalçı kimi məşqçi bacarığı da var. İnanmırsınızz?

"Ruliver", "Universal", "Beerbaşa"nın ayrı-ayrılıqda MFL çempionluqları, "Qalatasaray" və "Beerbaşa" ilə "Fire Liqa"da 5 "qızıl", 5 kubok, SOCAR, "Kapital", "Azərsun" komandaları ilə Şirkətlərarası çempionatda qalibiyyətlər Rizvanın rəhbərliyi ilə gerçəkləşib. Çalışdırdığı komandalar 90 faiz halda birinciliyin ən yaxşısı olublar. Minifutbol üzrə son Çempionlar Liqasında təmsilçimiz olan "Beerbaşa" Rizvanın başçılığı altında 1/4 finala kimi yüksəlib, yalnız penaltilər seriyasından sonra yarışdan kənar qalıb. Demək, adamın məşqçilik bacarığı da var. Elə isə özümüzün yetişdirdiyi mütəxəssis nəyə görə həvəskar mühitdə çalışmalıdır?

Azərbaycanda futbolda olduğu kimi, futzalda da vəziyyət ürəkaçan deyil. Hətta bəlkə də, daha bərbaddır. Son 10 ilə fikir versək, Rövşən Hüseynli xaric (o da qapıçı - İ.T.) Mahir Eyniyev, Rəcəb Fərəczadə, Vitali Borisov, Rizvan Fərzəliyev və digərləri kimi istedadlı futzalçılar yetişməyib. İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov bu gün-sabah karyeralarını bitirəcəklər. Onların yerini kim dolduracaq? Legionerlərin hesabına qazanılan uğurla gözdən pərdə asmaq olmaz. Nə qədər ki yerli futzalçı yetişmir, futzalımız inkişaf etməyəcək. Futzaldan gedənləri, o cümlədən, Rizvanı, Vitalini hörmətsiz yola salmaq bir yana, onları itirmək, biganə yanaşmaq yolverilməzdir! Nə olsun ki, legioner gətirməyə pul var. Məşhur filmdə deyildiyi kimi, "iş pulda deyil, iş "vnimatelni" olmaqdadır"...

İlqar Tağıyev, 525-ci qəzet

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
20:15

MPL: "Zirə" "Neftçi" ilə qarşılaşır - YENİLƏNİR

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

Facebookdan bizi izləməyi unutmayın.
X