UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" "Beşiktaş"la qarşılaşacaq. "Ağ-qaralar"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb İstanbul təmsilçisi ilə oyundan nə gözlədiyini, bakılıların "qartallar"ı mübarizədən kənarlaşdırmaq şanslarının olub-olmadığını soruşduq.
"Şöhrət" orednli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Neftçi" Konfrans Liqasında "Jelezniçar"ı öz meydanında 2:0 hesabıyla məğlub edəndən sonra Gəncə səfərinə yollanaraq "Kəpəz"in qonağı oldu və minimal hesabla uduzdu.
Komanda həftə ərzində bir neçə oyuna çıxır. "Neftçi"nin oyunçularına bu vəziyyətdə əlavə motivasiya da lazım deyil. Onlar başa düşürlər ki, hansı oyuna çıxırlar və kimlə qarşılaşırlar. Zənnimcə, komanda "Kəpəz"lə oyunu yaddan çıxarmalıdır və "Beşiktaş"la matça köklənməlidir. Öz səhvlərini məşq prosesində düzəltməlidirlər. Yəni "Beşiktaş" təcrübə mənasında "Kəpəz" deyil. Avrokuboklarda səhv etmək lazım olmaz. "Jelezniçar"la Bakıdakı matçın ikinci hissəsində oyunu "Beşiktaş"a qarşı sərgiləsələr, nəticəyə ümid etmək olar. "Beşiktaş"ın son oyunlarına da baxanda görürük ki, "Neftçi"yə necə rəqib düşüb. Azərbaycan təmsilçisi mərhələni keçmək istəyirsə, mükəmməl hazırlaşmalıdır. Yəni "Neftçi"nin mərhələni adlamaq şansı var. Bunu deməyə doğma meydan amili və "Jelezniçar" üzərində avrokubok qələbəsinin yaratdığı öznəinam əsas verir. Baş məşqçi Adrian Mutunun psixoloji cəhətdən komandanı hazırlaması həlledici məqamlardan biridir".
Nahid Məmmədov