İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 45 yaşlı serbiyalı mütəxəssis belə danışıb:
"Zirə" ötən mövsüm çempionatda 3-cü yeri tutub. Hiss olunur ki, təşkilatlanmış komandadır. Rəqibi yaxşı təhlil etmişik".
İviç "qartallar"ın çalışdırıcısı Rəşad Sadıqovun onların yoxlama oyununu izləməsindən xəbəri olmadığını deyib: "Açığı, "Zirə"nin baş məşqçisinin sınaq matçımızı canlı izlədiyini indi eşidirəm. Bunun rəqib komanda üçün üstünlük olub-olmaması həmin məlumatlardan necə istifadə etmələrindən asılıdır. Biz də "Zirə"ni təhlil etmişik. Ötən mövsüm bu komanda ikinci yerdən cəmi 3 xal geridə qalıb. Həmçinin kubokun finalında oynayıblar".
Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da start götürəcək.