DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində növbəti oyununu oktyabrın 6-da keçirəcək Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, üç gündür hazırlığını davam etdirən futzal yığması dünən taktiki planda çalışıb.
Məşqdən sonra baş məşqçi Vitali Borisov federasiyanın mətbuat xidmətinə açıqlama verib:
“Toplanışa oktyabrın 2-də başlasaq da, ancaq bugünkü (dünən) məşqdə heyət tam olaraq iştirak edib. Ölkə xaricində çıxış edən legionerlərimizin gəlişindən sonra əsasən taktiki planda çalışmalara yer ayırmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız bu oyunu gözləyirik. Sevindirici məqam odur ki, komandada zədəli və cəzalı futzalçı yoxdur.
Rəqib çox təcrübəli futzalçılardan qurulub. Onlar da dəfələrlə dünya və Avropa çempionatlarının final mərhələsində iştirak ediblər. Fərdi bacarığına görə seçilən futzalçıları var. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Maraqlı qarşılaşma gözləyir bizi. Doğma meydan amilindən istifadə etmək istəyirik. Bunu da bizə hiss etdirəcək qüvvə azarkeşlərimizdir. Onları tribunaya səsləyirik. Gəlsinlər, dəstəkləsinlər, oyunçularımız da onlardan güc-qüvvət alsın.
Heyətlə bağlı müəyyən dəyişiklik etmişik. Komandaya iki yeni futzalçı qoşulub. Qabriel illər əvvəl komandamızda oynayıb. Təcrübəli futzalçıdır. Murad isə “Baku Fire”-nin üzvüdür. Çempionat oyunlarında xoş təsir bağışladı. Buna görə də milliyə dəvət etdik. Hər ikisinin ümidlərimizi doğruldacağına inanırıq”.