Bu gün milli komandaların FIFA reytinqi açıqlanıb. Fanat.Az xəbər verir ki, siyahıda dünyanın 211 komandası yer alıb.
Aərbaycan millisi mövqeyini itirib. Qurban Qurbanovun baş məşqçiliyi altında ilk matçını ötən ay Türkiyənin Antalya şəhərində keçirən komandamızın xal aktivi azalıb. Belə ki, 0:0 hesablı bərabərlik əmsalımızı 281-dən 275-ə qədər enməsi ilə nəticələnib. Bu xal itkisi yığmanın mövqeyində də əksini tapıb. Millimiz 1 pillə geriləyib. Hazırda aktivində 275 xal olan Qurbanovun yetirmələri dünyanın 119-cu komandasıdı.
Milli komandamızın Millətlər Liqasındakı rəqiblərinin mövqeyində dəyişiklik baş verib. Farer adaları (364 xal) və Kosova (97 xal) bir pillə irəliləyib. Farer adaları 96-cı, Kosova 177-ci olub. Malta isə 185-ci pillədəki yerini qoruyub (66 xal).
Yoxlama oyunu keçirəcəyimiz rəqiblərdən Qırğızıstan (282 xal) bir pillə irəliləyərək 115-ci yerə yüksəlib. Makedoniya və Latviya isə bir pillə geriləyib. Makedoniya 446 xalla 74-cü, Latviya 225 xalla 132-ci pilləni tutub. Belarus isə 93-cü pillədəki mövqeyini dəyişməyib (372 xal).
Dünyanın ən güclü 10 komandasının siyahısında heç bir dəyişiklik olmayıb. Yığmaların yalnız xal hesablarında dəyişikliklər qeydə alınıb: Almaniya (1602), Braziliya (1484), Portuqaliya (1358), Argentina (1348), Belçika (1325), İspaniya (1231), Polşa (1213), İsveçrə (1190), Fransa (1183), Çili (1153).
Qeyd edək ki, qonşu Türkiyə millisi 3 pillə irəliləyərək 38-ci yerə yüksəlib. "Ay-ulduzlular”ın hesabında 735 xal var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol