"Onlar peşəkar futbolçulardır və hər oyuna köklənirlər. Hər matçda qalib gəlmək istəyirlər. Dünya çempionatına hazırlaşdığımızdan hər görüş bizim üçün önəmlidir. Bu gün yaxşı nəticə qazandıq".
Fanat.Az xəbər verir ki, bunu Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bakıda Azərbaycan millisi ilə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis açıq oyun getdiyini söyləyib: "Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Bu gün açıq oyun getdi. Rəqib hücumameylli futbol sərgiləyib qələbə qazanmaq istəyirdi. Deyərdim ki, baxımlı oyun alındı".
46 yaşlı baş məşqçi matçın sonlarında futbolçular arasında baş vermiş insidentə də toxunub: "Futbolda belə hallar olur. Oyunçular top uğrunda mübarizə aparır və bu halların baş verməsi normaldır. Hamı əlindən gələni etdi. Komandamdan razı qaldım. Azərbaycan millisindən belə oyun gözləyirdik. Bəzi məqamlarda biz, bəzən isə rəqib üstün oynadı. Nəticəni ədalətli sayıram.
Bizim üçün əla təcrübə oldu. Çətin rəqiblərlə qarşılaşdıq. Bu, dünya çempionatı üçün yaxşı hazırlıq oldu".