
Xankəndi şəhərini təmsil edən “Xan Yaşma” İdman Klubunun üzvləri növbəti yarışlarda uğurlu nəticələr əldə ediblər.
Fanat.Az xəbər verir ki, klubun 7 idmançısı AFC (Ased Fighting Championship) liqasının respublika turnirində iştirak edib.
Onların hamısı medal qazanıblar. Umar Xəlilli, Süleyman Teymurov, Rasim Əsədzadə və Səməd Səmədzadə turniri 1-ci pillədə başa vuraraq qızıl medala yiyələnibsə, Məsud Həsənəliyev, Nurani Qədimzadə və Musab Xəlilli isə yarışda 2-ci yerə layiq görülüblər.
“Xan Yaşma” İdman Klubunun peşəkar MMA döyüşçüsü Amin Qəhrəmanov da növbəti qarşılaşmasında qələbə qazanıb. Sentyabrın 27-də keçirilən ASED-43 seriyası çərçivəsində 75 kiloqram çəki dərəcəsində rinqə çıxan idmançı özündən daha təcrübəli rəqibi ilə qarşılaşıb. Amin Qəhrəmanov döyüşü cəmi 25 saniyəyə nokautla başa vuraraq qələbə qazanıb. Bu, idmançının peşəkar MMA karyerasında ikinci döyüşü və ikinci qələbəsidir. Beləliklə, onun peşəkar rekordunda 2 qələbə və 0 məğlubiyyət var.
“Xan Yaşma” klubunun idmançılarının hazırlığı məşqçi Əli İsgəndərovun rəhbərliyi altında həyata keçirilir.