Şahmatçı Nərmin Abdinova Fanat.Az-a müsahibə verib. 15 yaşlı iti zəka sahibi son ölkə çempionatındakı uğurlu çıxışı və hədəflərindən danışıb.
- Son ölkə çempionatında uğurlu oyunlarla diqqətləri üzərinizə çəkdiniz, sonda da mükafatdan sadəcə bir pillə uzaq düşdünüz. Ümumilikdə yarışdakı çıxışınızı necə dəyərləndirirsiniz?
- Yarışda əsas hədəfim baxımlı və yaddaqalan oyunlar nümayiş etdirmək idi, buna da nail oldum. Öz yeni oyun üslubum ilə çoxlarını təəcübləndirməyi bacardım. Hətta qrossmeyster və beynəlxalq ustalar da mənim üslubum haqqında öz fikirlərini söylədilər. Mənimlə oyunlarda debüt hazırlıqlarına bir daha baxmaq haqqında düşünməli olduqlarını dedilər.
- Yeni oyun üslubu deyərkən?
- Bu bir sirr olaraq qalsın. Dünya çempionu olsam, bu sirri açıqlayacağam.
- Azərbaycan çempionatında ən yaddaqalan oyununuz hansı oldu?
- Hər bir rəqibə qarşı güzəştə getmədən oynadım. Hətta uduzduğum oyunlarda da sonadək güzəştsiz və aktiv oyun imkanlarımı qorumağa çalışdım. Ən yaddaqalan Zeynəb Məmmədyarova ilə oyunum oldu. Çox gözəl, strateji, taktiki və kombinasiyalı bir oyun alındı.
- Hazırda neçənci sinifdə oxuyursunuz? Ali təhsillə bağlı hansı planlar var?
- 8-ci sinifde oxuyuram. Əsas hədəfim şahmatla bağlıdır.
- Bu ayın sonu qadınlararası Avropa çempionatında iştirak edəcəksiniz. Həmin yarışda hansı nəticəyə ümid edirsiniz?
- Mən yarışa daxil olanda və ya hər hansı bir yarışda iştirakı planlayanda daha çox keyfiyyətli oyunlar barədə düşünürəm. Nəticələr isə 2 ci planda olur.
Çünki mənim oynadığım canlı oyunları bütün dünya şahmatçıları və məşqçiləri izləyir. Mən də çalışıram ki, Azərbaycanı həmişə gözəl oyunlarımla təmsil edim.
Sahib Əsədbəyli