“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri bir vaxt London klubuna rəhbərlik edən baş məşqçi Andre Villaş-Boaşla təyyarədə aralarında yaranmış münaqişədən danışıb.
Fanat.Az xəbər verir ki, "zadəganlar"ın sabiq kapitanı “Football Talk”-a açıqlamasında əhvalatı belə anladıb:
“Andre Villas-Boaş yeni gəlmişdi və biz Honq Konqa gedirdik. Mən və komandanın bir neçə aparıcı üzvü 13 saatlıq yolu ekonom sinifdə getməliydik. Bu, Andrenin qərarı idi, o, veteranlara heç bir imtiyaz verməyəcəyini, bizə yerimizi göstərmək istədiyini nümayiş etdirirdi. Əvəzində gənc oyunçulardan bir neçəsi - Coş Makikren, Nataniel Çaloba biznes-klassda əyləşmişdi. Belədə etirazımı bildirdim ki, komandanın liderləri biznes-klassa qayıtmayana qədər heç yerə getməyəcəyəm.
Villaş-Boaş yanıma gəlib nə olduğunu soruşduqda ona da fikrimi dedim. Nəhayət, təcrübəli oyunçular biznes-klasa, gənclər "ekanom"a qaytarıldılar.
Villaş-Boaş ilk gündə özünü göstərməyə çalışdı, lakin dərhal uğursuz oldu. Çünki and içdim ki, bu təyyarə heç yerə uçmayacaq. Uçsa belə, mən, Frenk Lempard və ya Didye Droqba onun göyərtəsində olmayacaqdıq”.”
Terri 1998-2017-ci illərdə "Çelsi"nin əsas komandasında çıxış edib. Müdafiəçi beş dəfə liqa və İngiltərə kubokunu qazanıb, üç dəfə İngiltərə Liqa Kubokunu əldə edib, həmçinin hərəyə bir dəfə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. Con karyerasını 2017/2018 mövsümündə çıxış etdiyi “Aston Villa”da başa vurub. Terri 2003-2012-ci illərdə İngiltərə millisinə çağırılıb.