
1-ci Liqa təmsilçisi "Mingəçevir"in taleyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, mövsümü 225 min manat borcla bitirən klubu himayəsinə götürmək istəyən şəxslər dünən FİF (Futbolun İnkişaf Fondu) rəhbərliyi ilə görüşüblər.
Klubun təsisçisi və İdarə Heyətinin sədr müavini Ruslan Həmidovun iştirakı ilə baş tutan danışıqlar müsbət sonluqla yekunlaşıb və yeni sponsor "işıqçılar"a müəyyən maliyyə ayırmaq, eləcə də ötənmövsümkü borcu hissə-hissə bağlamaq öhdəliyini üzərinə götürüb. Himayədarların kimliyinə gəlincə, onlar bu yay daha öncə "Cəbrayıl"a sponsorluq etməyi hədəfləyən iş adamlarıdır. Qararabağ təmsilçisi sonradan "Kəpəz"in İdarə Heyətinin sabiq sədri İlqar Nadiriyə satıldığı üçün sözügedən şəxslər başqa klub tapıblar. Yeni sponsorlar "Cəbrayıl"ı da bir neçə məşqə çıxaran Elman Sultanovun "Mingəçevir"in baş məşqçi postuna gətirilməsini şərt kimi irəli sürüblər və təyinat artıq reallaşıb.
Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.
Toğrul