COVİD-10 pandemiyası ilə əlaqədar güləş yarışları bir neçə aydır ki, təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu müddət ərzində Dünya Güləş Birliyi (UWW) yaranmış boşluğu tez-tez güləşçilər, məşqçilər və hakimlər üçün onlayn seminarlar keçirməklə doldurmağa çalışır. Bununla əlaqədar olaraq, bu gün Azərbaycan Güləş Federasiyası (AGF) beynəlxalq və milli dərəcəli hakimlər üçün vebinar təşkil edib.
Onlayn seminarda çıxış edən AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev UWW-nin Hakimlər Komissiyasının üzvü Halil İbrahim Cicioğlunun son seminarlarda görüşlərin idarəçiliyi ilə bağlı diqqət yetirdiyi məqamları şərh edib. HK-nın sədri sərbəst güləşdə xalçadan qaçma, hücum və əks-hücum, yunan-Roma güləşində həm xalçadan, həm də parter vəziyyətində qaçma, eləcə də passiv və neqativ güləş zamanı verilməli olan qərarları hakimlərin nəzərinə çatdırıb. Vebinarın ikinci mərhələsində isə bir neçə qarşılaşmada icra olunan fəndlər ədalət təmsilçiləri ilə qarşılıqlı müzakirə fonunda qiymətləndirilib.
Hakimlərin onlayn seminarları davamlı olacaq və növbəti həftələrdə də baş tutacaq.
Fanat.Az