
Sərbəst güləş üzrə Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğurla diqqət çəkib.
Fanat.Az xəbər verir ki, 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan yığma 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub.
Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.
Millimiz bu nəticə ilə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıb.