
ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün üçüncü turun görüşləri keçirilib.
Əvvəlki turları "sülh"lə tamamlayan təmsilçimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. 36 yaşlı qrossmeysterimiz 54-cü gedişdə rəqibini məğlub edib.
Hesabında 2 xal olan Məmmədyarov turnir cədvəlinin 4-cü pilləsində yer alıb.
Fabiano Karuana, Uesli So və Maksim Vaşye-Laqrav hərəyə 2,5 xal toplayıblar.
"Şah" növbəti oyununu qara fiqurlarla ABŞ təmsilçisi Sem Şenklendə qarşı keçirəcək.
Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayır.
Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnirə avqustun 28-də yekun vurulacaq. Mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.
"Sinquefield Cup"
III tur
Uesli So (ABŞ) - Pyotr Svidler (Rusiya) 1:0
Şəhriyar Məmmədyarov - Rixard Rapport (Macarıstan) 1:0
Maksim Vaşye-Laqrav (Fransa) - Sem Şenklend (ABŞ) 1:0
Ceffri Şonq (ABŞ) - Lenyer Dominqes (ABŞ) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Dariuş Sverç (ABŞ) 1:0
Sahib Əsədbəyli